“Başa düşürəm, gec-tez mən də karyeramı bitirəcəm. Və o gün çox da uzaqda deyil… Buna görə çox da narahat deyiləm. İndi özümü yaxşı hiss edirəm və komandama kömək edə bilərəm”.
Korner.az “Soccerway”-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Neftçi”yə rəqib olacaq İtaliya “İnter”inin futbolçusu Xavyer Zanetti deyib.
Argentinalı müdafiəçi bildirib ki, “Siena”ya 0:2 hesabıyla məğlub olduqları oyunda meydana çıxmamasını dramatikləşdirmək fikrindən uzaqdı: “Oyunu ehtiyat oyunçular skamyasından izləmək çətin idi. Üstəlik, o oyunda uduzduq. Start heyətdə yer almamağım normal haldı və belə şeylər çox olacaq. Bilirəm ki, “İnter”in yenidən formalaşdırılmasına başlanılıb. Ancaq baş məşqçimiz bilir ki, mənə güvənə bilər.
Zanetti “neradzurri”nin heyətində 800-dən artıq rəsmi oyun keçirib. O, Milan klubuna 1995-ci ildə transfer olunub.
