Futbol

“Zəif cəhətlərimizi bilirik” – Elmar Baxşıyev

21.09.2019 , 23:33

Azərbaycan Premyer Liqasının V turunun “Səbail” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Mütəxəssis oyunu şərh edib:

“Oyunun belə ağır keçəcəyini əvvəlcədən də bilirdik. “Səbail” yerli futbolçulardan yaxşı təşkil olunmuş komandadır. Həftə ərzində rəqibin üstün və zəif cəhətlərini analiz edib, komandanı bu qarşılaşmaya yaxşı hazırlaya bilmişdik.

Komandanın gündən-günə inkişaf etməyi bizi sevindirir. Sentyabrın 7-də “Sumqayıt”a qarşı keçirilən yoxlama görüşündən başlayaraq inkişafı oyundan-oyuna görürük. Ülvi İsgəndərovun topu qapıçının başı üzərindən göndərdiyi epizoda qayıtmaq istəmirəm. Futbolun gözəlliyi odur ki, hər epizod qol olmur. Belə olan halda da hesab fərqli ola bilər.

Gənc komandayıq, heç kimdən çəkinmirik. Oyundan-oyuna daha yaxşı futbol sərgiləməyə, nəticə qazanmağa çalışacağıq. Futbol bir yerdə dayanmır. Həmişə artırmaq mümkündür. Biz də zəif cəhətlərimizi bilirik. Onları aradan qaldırmaq üçün vaxt lazımdır. Zədəli iki oyunçumuz – Asif Məmmədovla Klesio Bauk komandaya qoşulduqdan sonra daha fərqli “Qəbələ” görə biləcəyik.

Müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Rəqib iddialı komandadır, bizi məcbur etdi ki, müdafiə olunaq. Futbol elə oyundur ki, küləkdə də, yağışda da, gün altında da oynamalısan. Ola bilər ki, hesabda öndə olduğumuz üçün onu qorumağa çalışıblar. Əliyar Ağayev Azərbaycanın ən yaxşı hakimlərindən biridir. Matçı da ideal idarə etdi”.

Son yazılar

Yuxarı