“Yuventus”a qarşı bütün silahlarımızdan istifadə edəcəyik” – Simeone
20.02.2019 , 11:26

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”la keçirəcəkləri ev oyunu haqda fikirlərini açıqlayıb. Argentinalı mütəxəssis matçöncəsi mətbuat konfransında hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib:
“Həmişə olduğu kimi vuruşacağıq. Bundan əvvəlki görüşlərdə olduğu kimi, eyni oyun üslubu ilə meydana çıxacağıq. “Yuventus” kimi rəqiblə oynamaq arzusundayam. “Atletiko” Çempionlar Liqasının əsas simalarından biridir. Bu, bizim üçün əla motivasiyadır. Heç bir komandanın aşkar üstünlüyü yoxdur. Oyuna bərabər şərtlərdə başlayacağıq”.
Simeone sabahkı qarşılaşmanın erkən final adlandırılmasına da münasibət bildirib: “Erkən final? Yox-yox, bu, 1/8 finaldır. “Yuventus” dahi baş məşqçisi olan güclü rəqibdir. Bütün mümkün silahlarımızdan istifadə edəcəyik. Turin təmsilçisinin güclü tərəfi klubun özüdür. Son illərdə “Atletiko” da xeyli inkişaf edib”.
Baş məşqçi Kriştiano Ronaldonun yayda “Real”ı “Yuventus”a dəyişməsi məsələsinə də toxunub: “Ronaldo əla seçim etdi. O, idman və peşəkarlıq baxımından əhəmiyyətli bir çağırışa razılıq verdi”.
Qeyd edək ki, fevralın 20-dən 21-nə keçən gecə keçiriləcək “Atletiko” – “Yuventus” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.
