"Qəbələ"nin Yuri Syominlə bir illik müqavilə imzaladığı barədə məlumat vermişdik.
Korner.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, rus mütəxəssis ictimaiyyətə açıqlamasında "Qəbələ" futbol akademiyası barədə də danışıb: "Klubun yaxşı bazası, gözəl infrastrukturu var. Bu il mən də çalışacam ki, akademiyanın ən son buraxılışı olan uşaqları götürüm. Onların oyunlarına baxacam. Azərbaycan bir çox təcrübəli futbolçular – Banişevski, Tuayev, Nazim Süleymanov kimi futbolçular yetişdirib. Bizim akademiyada da belə futbolçuların olduğuna inanıram"
Bu gündən etibarən "Qəbələ"nin "sükanı arxasında" əyləşəcək Yuri Syomin komandanın qarşıdakı mövsümdə hansı yerlə uğrunda mübarizə aparacağına aydınlıq gətirib. "Yeni mövsümdə əsas hədəfimiz Avroliqaya vəsiqə qazanmaq olacaq. Təbii ki, bununla yanaşı, ölkə çempionatında daha yüksək yerlə uğrunda mübarizə aparacağıq".
Daha sonra klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın cari mövsümdəki hədəfləri haqda danışıb: "Təbii ki, yeni məşqçinin qarşısına məqsəd, nəticə qoymuşuk. Bizim üçün minimum hədəf Avroliqaya vəsiqə qazanmaqdı. Çempionatda da uğurlu nəticələr əldə etməyə çalışacağıq".
Nəcəfov həmçinin Syominlə niyə bir illik müqavilə imzalamağa da aydınlıq gətirdi: "Biz onunla 70 faiz razılaşandan sonra futbolçuları bura gətirmişik. Söhbət yeni transferlərdən gedir. Bir də onunla bir illik müqavilə imzalamağımızın səbəbləri var. İlk olaraq, bunu Syominin özü istədi. Biz də şərtlərimizi ona bildirdik. Əgər komanda Avroliqaya vəsiqə qazanarsa, onunla yenidən əməkdaşlığımızın davam edib-etmədiyini zaman göstərəcək. BU suala daha yaxşı olardı ki, Syominin özü cavab versin".
Yuri Syomin isə sualı belə cavablandırdı: "Mənə elə gəlir ki, bu ən doğru variantdı. Çünki bir il ərzində mən rəhbərliyə öz potensialımı göstərəcəm. Bundan sonra qalıb-qalamayacağıma aydınlıq gələcək".