Azərbaycan Kubokunu qazanan “Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Qəbələ”ylə final matçından sonra brifinq keçirib.
Ukraynalı mütəxəssis öncə 1:0 hesabıyla qalib gəldikləri matçı dəyərləndirib.
– “Qəbələ”nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.
– “Qəbələ”nin start heyəti sizin üçün sürpriz deyildi?
– Onlar sxemi dəyişmişdilər, “4-4-2” oynamadılar. Amma bu elə də sürpriz olmadı. Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.
– Güzgü sxemi…
– Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindi. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Razıyıq nəticədən.
– Əsas sual. Sonra necə olacaq?
– Bu artıq bizim yox, AFFA-nın məsələsidi
– Öz karyeranızı soruşuram…
– Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Amma avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.
– Həmyerliniz Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsüz, onun Azərbaycandakı karyerası alındı?
– Düşünürəm ki, o burda çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.
– Qarşıda avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil…
– Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq, konkret heç də məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.
