Rusiya millisinin sabiq forvardı Sergey Yuran Rusiya-Azərbaycan oyunu öncəsi fikirlərini bildirib.
Korner.az-ın “Sport-Ekspress” nəşrinə istinadən məlumatına görə, “Simurq”un sabiq çalışdırıcısı millimizin səfərdə və öz meydanında fərqli oynadığını deyib.
“Azərbaycan yığması öz meydanında və səfərdə fərqli oyun nümayiş etdirir. Öz meydanında bu komanda çox aktivdi, hücumameyilli oyun göstərir və imkan düşsə, istənilən an sürpriz edə bilər. Səfər oyunlarında isə 5-4-1 sxemi ilə oynayır. Meydanın mərkəzində sıxlıq yaratmaqla rəqibin səhvindən irəlidəki bir hücumçunun sayəsində yararlanırlar. Yaxşı ötürmə edən texnikalı havbekləri var. Hücum yarımçıq kəsilən kimi geriyə qayıdıb müdafiəyə kömək edir. İmkan düşəndə isə istənilən məsafədən qapıya zərbə endirir”, – deyə Yuran bildirib.
Gənc çalışdırıcı millimizin hücum xəttində Özkara və ya Subaşiçin oynadığını deyib: “Hər ikisinin əla qol duyumu və top saxlamaq xüsusiyyəti var. Onları sərbəst buraxsalar, xoşagəlməz hal yaşana bilər”.
