Topaz Premyer Liqasında XVII turun “Qarabağ” – “Kəpəz” (1:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Yunis Hüseynov jurnalistləırin suallarını cavablandırdı
O, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– “Qarabağ”ı təbrik edirəm. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Çünki bilirdik ki, rəqib topla yaxşı oynayır. İmkanlarımız oldu. Təcrübəsizlikdən qol vura bilmədik. “Qarabağ” individual şəkildə güclü oyunçulardan qurulub. Ani diqqətsizliyimiz qolla nəticələndi. Kaş 20-ci dəqiqədə qol buraxardıq, 85-də yox. Heç bir məşqçiyə bu dəqiqələrdə qol buraxmağı arzulamıram. Deməzdim ki, yaxşı oynadıq. Amma taktikamıza uyğun idi gedişat. Qol epizoduna baxacağıq. “Keşlə” də bizə oyundankənar vəziyyətdən vurmuşdu. Mənə elə gəldi ki, bu gün də oyundankənar vəziyyət var idi. Bununla özümüzü sığortalamırıq. Hakimlərin cüzi səhvlərini vurğulmaq istəyirəm. Hücuma çıxanda rəqib futbolçumuza qarşı kobud oynadı, hakim oyunu saxladı. Halbuki davam işarəsi versəydi, İlyas Səfərzadə qapıçı ilə təkbətək çıxırdı.
– Qurbanov Geryeni meydana buraxıb hücumu gücləndirdi. Siz isə Dedimar Ferreyranı oyuna daxil etdiz. Bu əvəzləmə nəyə hesablanmışdı?
– Məcburiyyət qarşısında belə dəyişiklik etdik. Çünki Samir Zərgərov zədələnmişdi. Dedimar orta xətt oyunçusu deyil. Onu buraxmaqda məqsədimiz Miçeli zərərsizləşdirmək idi.
– PFL-in əsasnaməsinə görə, hakimlərlə bağlı deidklərinizə görə cəzalanmaq ehtimalınız olduğunu bilirsizmi?
– Bilmirəm. Mən dedim ki, baxmaq lazımdı. Bəlkə də, səhv edirəm
– Mətbuat konfransına gecikməyinizin səbəbi nə idi? Komandanı danlayırdız?
– Hər bir məşqçi oyundan sonra öz iradlarını bildirir. Mən də bunu danışırdım. Ardıcıl üçünücü oyundu ki, minimal hesabla uduzuruq. Belə baxanda, “Qarabağ”ın 2-3 yüz faizlik epizodu oldu. Buna görə əsəbiləşmişdim. Hər komandada səhvlər olur. Təəssüf ki, bizdə bunlar qapımıza qolla nəticələnir. Uşaq səhvlərindən qollar buraxırıq.
– Roman “Kəpəz”ə keçidi müsbət qarşılanmışdı. Amma oynamır…
– Hər futbolçunun öz vaxtı var. O, perspektivli oyunçudu. Gələn matçlarda meydana çıxacaq.
– İlkin Sadıqov bir neçə epizodda yerdə qaldı və rəqib futbolçular buna kəskin etiraz etdi. İlkinin tez-tez yerdə qalması sizin tapşırığınız idi?
– Mənim heç vaxt belə tapşırığım olmayıb. Xüsusiyyətimə aid olan şey deyil. Meydana çıxmısansa, oynamalısan. İlkin fiziki cəhətdən güclü futbolçudu. Yerdə qalıbsa, deməli nəsə ciddi bir şey var. Bircə Samir Zərgərova dedim ki, otur əvəzləyək. Qaçsa, daha ciddi zədə ola bilərdi.
– İstədiyiniz “Kəpəz”i qurmağa başlamısızmı?
– Bu, 1 ayın işi deyil. Komandaya gələndə demişdim ki, yaya qədər yaxşı oyun göstərən heyət formalaşdırmaq istəyirəm. Həmin vaxta qədər maksimum xal toplamağı düşünürük. Qışda istədiyimiz transferləri edə bilmədik. Çünki, boş futbolçu az idi. İndi də uşaqlardan narazı deyiləm, vuruşurlar. Getdikcə xallar da qazanacağıq. Amma əsas komandanı yaydan sonra quracağıq.
– Şahin Diniyevin qoyub getdiyi “Kəpəz”lə indiki arasında hansı fərqlər var?
– O komandanı indikiylə müqayisə etmək istəmirəm. Çünki keçmişdə qalıb. Gələcəyə baxırıq.
