Qadın həndbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, bu raundda 2016-cı il dekabrın 4-18-də keçiriləcək final mərhələsində oynamaq iddiasında olan nisbətən yüksək reytinqli 26 komanda və I seçmə mərhələnin iki qalibi mübarizə aparacaq.
Final mərhələsini qəbul edəcək İsveçdə baş tutan püşkatmada iştirakçılar 7 qrupa bölünüb. Bunların 5-də 4 komanda yer alıbsa, 2 qrupda isə 3 iştirakçı dəqiqdi. Bu “dördlük”lərin sonuncu komandası isə iyunun 12-14-də keçiriləcək I seçmə mərhələsində bəlli olacaq.
Mübarizəyə daha tez başlayanlar arasında olan Azərbaycan millisi bu yay Bolqarıstan və Farer adaları ilə birlikdə A qrupunda çıxış edəcək. Vyanadakı püşkə əsasən bu “üçlüy”ün qalibi 3-cü qrupda yer alacaq. Yığmamız mərhələ adlasa, İspaniya, Hollandiya və Avstriya ilə qarşılaşacaq.
Bu mərhələyə oktyabr ayında start veriləcək. İki dövrəli yarışda hər qrupun iki ən yaxşısı İsveçə vəsiqə qazanacaq. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik komanda da 16 iştirakçı arasına qoşulacaq.
