Qadın voleybolçular arasında Türkiyə Superliqasının əsas mərhələsi başa çatıb.
Korner.az Apasport.az-a istin adən xəbər verir ki, XXII turun oyunlarından sonra bu çempionatda çıxış edən Azərbaycan millisinin voleybolçularının pley-off arzuları puç olub.
Belə ki, hücumçumuz Yana Ağayevanın şərəfini qoruduğu “Çanakqala Bld” “Fənərbaxça”nın qonağı olub. Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb və ev sahiblər “quru hesablı” qələbə qazanıblar – 3:0 (25:19; 25:20; 25:20). Ağayeva 12 xalla komandasının ən yaxşısı olub.
Millimizin toppaylayıcısı Anita Bredisin çıxış etdiyi “Yeşilyurt” isə əsas mərhələni qələbəsiz başa vurub. Onlar bu dəfə “Sarıyer Bld” klubunun qarşısında aciz qalıblar – 0:3 (24:26; 18:25; 16:25). Bredis matçda 2 xal toplayıb.
Beləliklə, 22 matçdan 24 xal toplayan “Çanakqala Bld” 9-cu, 1 xala sahib “Yeşilyurt” 12-ci olub. Reqlamentə əsasən isə 9-12-ci yerlər Superliqada qalmaq uğrunda mübarizəni davam etdirəcəklər. Bu oyunlar 2 dövrədən ibarət olacaq. “Çanakqala Bld”, “İlbank”, “Beşiktaş” və “Yeşilyurt” martın 27-29 və aprelin 3-5-də münasibətlərinə aydınlıq gətirəcəklər.
