UEFA İcraiyyə Komitəsi Nyonda keçirilən iclasında yeni çempionatın – Millətlər Liqasının formatını və təxmini təqvimini təsdiqləyib.
Korner.az-ın məlumatına görə, ilk dəfə 2018-ci ilin sentyabrında keçiriləcək liqa yoldaşlıq oyunlarına alternativ kimi düşünülüb.
Formata əsasən, Millətlər Liqası hərəsində 4 qrup olmaqla 4 diviziondan ibarət olacaq. Öz divizionunda qrup qalibi olan ölkələrin komandaları növbəti mövsümdə daha yuxarı divizionda mübarizə aparacaq. Qrup sonuncusu olanlar isə aşağı diviziona yuvarlanacaq. 2019-cu ilin yayında yüksək divizionun 4 qrup qalibi arasında pley-off qarşılaşmaları oynanılacaq və beləliklə, ilk Millətlər Liqasının qalibi müəyyənləşəcək.
İştirakçıların Liqadakı yekun göstəriciləri növbəti Avropa çempionatının təsnifat mərhələsində komandaların səbətlərə bölgüsü zamanı nəzərə alınacaq.
