Yay Olimpiya Oyunlarında 11-ci gün
07.08.2024 , 09:57
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 11-ci gündür.
Korner.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı yarışda mübarizə aparacaq.
Taekvondo
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov 1/8 finalda İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Qaşım Maqomedov Avropa çempionudur. O, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb. Cek Uolley Avropa çempionatının və Avropa Oyunlarının gümüş mükafatçısıdır.
Görüş Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.
Güləş
Yunan-Roma güləşçilərimizdən əvvəlcə Həsrət Cəfərov (67 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. O, A xalçasının 3-cü görüşündə Mohamed ELsayedlə (Misir) üz-üzə gələcək.
Həsrət ikiqat Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Elsayed isə Afrika çempionatının beşqat qalibidir.
A xalçasında yarışların saat 13:00-da başlaması nəzərdə tutulur.
Digər güləşçimiz Rafiq Hüseynov (87 kq) 1/8 finalda, C xalçasının 10-cu görüşündə David Losonçi (Macarıstan) ilə qarşılaşacaq. Rafiq dünya çempionu və üçqat Avropa çempionudur. Onun rəqibi də 1 dəfə dünya çempionu adına yiyələnib.
C xalçasında yarışlara saat 13:00-da start veriləcək.
Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medalllar uğrunda yarışlar başlayacaq.