Futbol

Xayme Romero: “Yolumuza davam etmək istəyiriksə, “Sevilya”ya qalib gəlməliyik”

11.11.2019 , 12:40

“Qarabağ”ın futbolçusu Xayme Romero Premyer Liqanın 11-ci turunda evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini böülüşüb.

 

“Ağır oyun oldu. Rəqib bizə çətin anlar yaşatdı. Amma istənilən halda, fikimcə, nəticəni ədalətli saymaq olar. İndi növbəti oyunlara köklənməliyik. “Zirə” bizi yaxşı analiz etmişdi. Haradan onlara çətinlik yaradıb zərbə endirəcəyimizi öyrənmiş, bütün boşluqları bağlamışdılar. Ona görə də bizə çətin oldu. Qalib gəlsəydik, ən yaxın izləyicimiz “Keşlə” ilə xal fərqini 10-a çatdıracağımızı başa düşürdük. Amma nə etmək olar? Belədir vəziyyət”.

 

29 yaşlı oyunçu Premyer Liqadakı rəqabətsizliyin onları arxayınlaşdırdığı fikri ilə razılaşmayıb: “Hər bir futbolçumuz meydana qələbə üçün çıxır. Qalib gəldikdə, əhval-ruhiyyə də yaxşı olur, özünü yaxşı hiss edirsən. Rəqibin çıxışını qeyd etmək lazımdır, müdafiədə çox yaxşı oyun sərgilədilər”.

 

Romero “Qarabağ”a yeni gəldiyi vaxt yaxşı təsir bağışlasa da, sonradan zədələrlə üzləşməsini təbii hal sayıb: “Zədələr futbolun bir hissəsidir. Bunsuz mümkün deyil. Ya kimsə arxadan gəlib ayağına zərbə vurur, yaxud yıxılırsan və çiynin çıxır. Futbolda belə halları nəzarətdə saxlamaq çox çətindir. Bu cür zədələrdən sonra yaşıl meydanlardan uzaq qalırsan. Yenidən qayıtmaq və formanı bərpa etmək zaman alır”.

 

Təcrübəli legioner noyabrın 7-də Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzduqları oyun barədə də danışıb: “Belə matçlarda daha çox qələbə qazanmaq istəyən də, bunun əziyyətini çəkən də biz oluruq. Tale yüklü oyun olduğunu bilirdik. Amma standart vəziyyətlərdən 2 top buraxdıq. Vəziyyət göz qabağındadır. Təbii ki, bunu istəməzdik”.

 

Romero noyabrın 28-də İspaniyada “Sevilya”ya qarşı keçirəcəkləri V tur matçından qələbə gözlədiyini söyləyib: “Yolumuza davam etmək istəyiriksə, qalib gəlməliyik. “Sevilya” ardıcıl 4 qələbə qazanıbsa, bu, o demək deyil ki, daim belə davam edəcəklər. Bu seriya nə vaxtsa, qırılmalıdır. Ola bilsin, bu, bizimlə oyuna təsadüf etsin. Səfər matçına qələbə düşüncəsi və istəyi ilə gedəcəyik”.

Son yazılar

Yuxarı