Xavi Ernandes Premyer Liqada işləməyə hazırdır – “Çelsi” əsas namizəddir
16.12.2025 , 12:45
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer Liqasında fəaliyyət göstərməyə müsbət yanaşır.
Korner.az xəbər verir ki, ispan mütəxəssis İngiltərənin aparıcı klublarından birindən təklif alacağı təqdirdə dərhal işə başlamağa hazırdır.
Son dövrlərdə Xavinin nümayəndələri ilə həm “Tottenhem”, həm də “Çelsi” əlaqə saxlayıb. Londonun “Tottenhem” klubu bu təması daha çox vəziyyəti öyrənmək məqsədilə qurubsa, “Çelsi”nin marağı daha ciddi xarakter daşıyır.
Bildirilir ki, “zadəganlar” artıq bir neçə həftədir Xavi ilə danışıqlar aparır. Klub Enzo Mareskanın gələcəyi ilə bağlı qərar verəcəyi halda, əsas namizəd kimi məhz ispan mütəxəssis nəzərdən keçirilir.
Hazırda Premyer Liqada 16 turdan sonra “Çelsi” 28 xalla 4-cü pillədə qərarlaşıb. “Tottenhem” isə 22 xalla 11-ci yerdədir. Qeyd edək ki, “Çelsi” UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.