Bir müddətdir, futbol ictimaiyyətimizdə Xaqani Məmmədov ətrafında yaranan qalmaqal səngimək bilmir. Bilməyənlər üçün qısaca qeyd edək ki, sabiq FİFA referisi Anar Salmanov mətbuata açıqlamasında Hakimlər Komitəsi sədrinin 2001-ci ildə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən “Osiyek” – “Dinaburq” görüşündə danışılmış oyunda iştirak etdiyini, əlində bunu təsdiq edən diskin olduğunu bildirmişdi. Biz də bu məsələyə ən başdan həssaslıqla yanaşmış, əvvəlcə məlum qalmaqalda adı halllanan Anar Salmanovun, daha sonra isə həmin görüşün müvafiq olaraq baş hakim və dördüncü hakim funksiyalarını icra etmiş Asim Xudiyev və Xaqani Məmmədovun fikirlərini təqdim etmişdik. Burda qeyd edək ki, Məmmədov söhbət zamanı əvvəlcə həmin xəbərlərdən məlumatsız olduğunu bildirmişdi. Həmin xəbəri ona oxuya biləcəyimi bildirdikdə isə “Yox, lazım deyil. Sualınız varsa, verin, AFFA-nın mətbuat katibinə o mənə deyər. Mən açıqlama vermirəm” – demişdi. Səbəbini soruşduqda “sözü bir dəfə deyərlər də” – söyləyib, əlaqəni kəsmişdi.
Biz də Xaqani Məmmədovun tələbini qulaq ardına vurmayaraq, onun dediyi kimi etdik. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna ünvanladığımız informasiya sorğusunda Komitə sədrinə aşağıdakı sualları ünvanlamasını xahiş etmişdik:
1. Bu iddianın hər hansı bir əsli varmı? Həmin oyunda qeyri-adi nəsə baş verdimi?
2. Xaqani Məmmədov sözügedın disk ilə tanış olubmu?
3. Cənab Məmmədov niyə futbol ictimaiyyətində bu qədər səs-küy doğuracaq bir hadisə haqqında şərh vermir, iddiaları təkzib etmir?
4. Həmin disk ortaya çıxsa və deyilənlər təsdiqini tapsa, cənab Məmmədov tutduğu vəzifəni könüllü surətdə tərk etməyə razı olarmı?
Mikayıl bəy cavab məktubunda göndərdiyimiz sualların Xaqani Məmmədova çatdırıldığını, özü ilə əlaqə saxlayaraq cavab ala biləcəyimizi söylədi. Amma vəziyyət heç də gözlədiyimiz kimi cərəyan etmədi. Əvvəlcə zənglərimizə cavab verməyən Xaqani Məmmədov israrlı əlaqə cəhdlərimiz nəticəsində geri çəkilməli oldu: “O gün də əlaqə saxladız, dedim ki, AFFA-nın Mətbuat xidmətinə deyin. Sualları vermisən ora?”. “Bəli” cavabını eşitdikdən sonra Xaqani Məmmədov “vəssalam, ordan cavab verərlər də”, – deyə bildirdi. Xaqani bəyin nəzərinə çatdırdım ki, bizə göndərilən məktubda Komitə sədrinin suallarla tanış edildiyi, cavab üçün onun özünə müraciət etməli olduğumuz bildirilib. Amma bu da Xaqani bəyi, razı salmadı. Bir müddətlik sükutdan sonra Məmmədov: “İmkan verəcəksiz işləyək?! Mən məgər məcburam sizin suallarınızı cavablandırmağa?” – deyib, dəstəyi asdı.
Görəsən, Xaqani bəy, doğrudan da, vaxtilə belə bir işdə iştirak etməyibsə, niyə mətbuatdan qaçır?
Ürfan Məmmədzadə
