“Xankəndi” komandasının yaradılmasına qərar verildi
26.10.2023 , 14:45
Azərbaycan Minifutbol Federasiyasının(AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.
Korner.az xəbər verir ki, tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.
Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.