Xəzər Mahmudov: “Debütüm uğurlu alındı”
04.12.2019 , 17:11

“Keşlə”ni Azərbaycan kubokunun 1/4 finalına çıxaran Xəzər Mahmudov korner.az-a müsahibə verib. Matçda 2 qola imza atan gənc futbolçu uğurlu debütündən danışıb.
Komanda ilk hissənin sonlarında azlıqda qalsa da, 1/4 finala adını yazdıra bildi. Oyunla bağlı təəssüratların…
– Çox çətin oyun olacağını bilirdik. Divizion komandalarına qarşı motivasiya olmaq bir qədər çətin olur. Birinci hissədə də bunun şahidi olduq. Mübarizə apardıq və sonda da qələbə qazandıq.
– Debüt oyununda 2 qol vurdun. Çıxışını necə dəyərləndirirsən?
– Əsas komandanın qalibiyyəti idi. Öz çıxışıma gəlincə isə məncə pis alınmadı. 2 qol vurdum. Amma bununla dayanmaq olmaz. Daha çox çalışmaq lazımdır.
– Görünür bu oyun sənin üçün unudulmaz oldu…
Əsas komandada ilk oynum idi. İlk oyunda 2 qol vurmaq doğrudan da mənim üçün unudulmaz oldu. Debütüm uğurlu alındı.
– Oyundan sonra səni kimlər təbrik etdi?
– Ailəm, dostlarım və bütün “Keşlə” kollektivi məni təbrik etdi. Hər birinə təşəkkürümü bildirirəm.
– Bundan sonra “Keşlə”nin əsas heyətində yer alacağını düşünürsən?
– Mənim işim çox çalışıb, daha çox şans qazanmaqdı. Baş məşqçi şans verərsə, mən də hər zaman əlimdən gələni etməyə hazıram.
– Qarşıda sizi 1/4 finalda “Qarabağ”la oyun gözləyir. Bu qarşılaşmayla bağlı fikirlərin…
– Bildiyiniz kimi “Qarabağ” güclü kamandadı. Nəinki bizim bütün komandaların oyunları “Qarabağ”la ağır keçir. Biz də əlimizdən gələnin ən yaxşısını edib, növbəti mərhələyə çıxmağa çalışacağıq.
Mina Musayeva
