Topaz Premyer Liqanın sonuncu – 32-ci turu çərçivəsində “Xəzər Lənkəran”la səfərdə görüşəcək “Rəvan” bu oyuna hazırlığa başlayıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Komanda 1 günlük istirahətdən sonra dünən axşam keçirilən məşqlə hazırlığa start verib.
“Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev futbolçuları çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə kapitan iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovın ayaq biləyinin bağları xəsarət alıb. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.
Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikolay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Zədəli olan Tofiq Mikayılovun Lənkəranda oynayıb-oynamayacağı isə sual altındadır. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və “cənublular”la oyunda forma geyə biləcək.