IV turun “Neftçi” ilə görüşündən (0:0) sonra qapısını toxunulmaz saxlaya bilməyən “Xəzər Lənkəran” ardıcıl 9 matç idi ki, “quru” oyun keçirmirdi. Bu seriyanı “Qəbələ” ilə qolsuz heç-heçə ilə qıran Con Toşakın yetirmələri avqustun 25-dəki matçdan 77 gün sonra uğursuzluğa son qoyub.
Korner.az-ın məlumatına görə, bu matç Duqlas Leytenin “Xəzər Lənkəran” karyerasında ilk “quru” oyunu oldu. Əvvəlki matçlarda qol buraxan cənubi amerikalı legioner komandanın 11 qapıçısı arasında meydanı qol buraxmadan tərk edən 9-cu əlcək sahibidir. Braziliyalı Kamran Ağayevin rekordçu olduğu siyahıya daxil olmağı bacarıb:
Kamran Ağayev – 81, Aleksandr Martyoşkin – 32, Dmitri Kramarenko – 24, Orxan Sadıqlı – 10, Milorad Koraç – 8, Antonio Doblas – 5, Denis Romanov – 3, Duqlas Leyte, Kamal Bayramov, Ramiz Kərimov – hərəyə 1 “quru” oyun. Yevgeni Kopil keçirdiyi yeganə matçda qapısında qol görüb.
