Topaz Premyer Liqasının XXXI turu çərçivəsində mayın 13-də keçirilmiş “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu Bayıl stadionu üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, məlumatına görə, ikinci “altılıq”da baş tutan görüş bu arenada keçirilən yubiley – 100-cü qarşılaşma kimi tarixə düşüb.
Bu matçadək 99 matç qəbul edən Bayıl stadionu “Sumqayıt”ın 1:0 hesabı ilə qalib gəldiyi matçla 100-ə çatıb. Açılışı ötən ilin sentyabrında olan arena təxminən 8 ay ərzində bu qədər qarşılaşmanı qəbul edib.
Qeyd edək ki, Bayıl stadionu AFFA tərəfindən inşa edilib. Burada FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən “Rəvan” və “Sumqayıt” klubları ev oyunları zamanı bu stadiondan yararlanır. “Rəvan” klubunun əvəzedici heyəti, həmçinin müxtəlif yaş qruplarından ibarət komandalarının ev oyunları Bayıl stadionunda keçirilir.