“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev klubda özünün 25-ci qolunu vurub.
Korner.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la ilk oyununda hesabı bərabərləşdirməklə 2:1 hesablı qələbədə pay sahibi olan yarımmüdafiəçi yubiley topuna imza atıb.
Klub tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rahid bu qollardan 17-ni Premyer Liqa, 5-ni ölkə kuboku, 3-nü “Birlik kuboku”nda vurub. “Xəzər Lənkəran”ın 9 illik tarixində yalnız 3 futbolçu daha çox qol vurub. Zaur Ramazanov 44, Samir Əliyev 34, Mario Souza isə 26 dəfə fərqlənib.
“Xəzər Lənkəran” Bakıdakı oyunda qol vurmaqla uğurlu seriyasını davam etdirdi. Belə ki, ölkə kubokunda ardıcıl 19 oyundur ki, komanda meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl – 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan Lənkəran təmsilçisi həmin oyundan sonra kubokdakı hər qarşılaşmada ən azı 1 qol vurub. Bu müddətdə “Xəzər Lənkəran” 19 görüşə 32 qol vurub.
Qeyd edək ki, “Rəvan”la qarşılaşma Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı olub. O, bu göstəricidə 10-cu olan Dieqo Souzaya çatıb.