Premyer Liqanın XVI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının milliləşən hücumçusu komandanın heyətində yubiley – 50-ci matçını keçirəcək. Yubiley matçını Zaqatalada keçirəcək Branimir indiyədək 49 matçın iştirakçısı olub.
O, 41 çempionat, 4 kubok və 4 avrokubok matçında çıxış edib. Bu qarşılaşmalarda 14 dəfə fərqlənən Subaşiç çempionatda 9, avrokuboklarda 3, kubokda 2 dəfə rəqib qapısına yol tapıb. Bu müddətdə hücumçu cəmi 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Subaşiç 2011/12 mövsümündə komandada debüt edib. Onun ilk matçı 2011-ci il avqustun 20-də “Turan”la ev oyunu olub. Start heyətində meydana çıxan əslən serb futbolçu 3:1 hesabı ilə başa çatan qarşılaşmada 86 dəqiqə meydanda olmuşdu və elə bu oyundaca dublunu rəsmiləşdirə bilmişdi.
