Topaz Premyer Liqasında fevral ayının ən yaxşı qolu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytının azarkeşlər arasında keçirdiyi sorğuda “İnter”in futbolçusu Asif Məmmədov bütün rəqiblərini qabaqlayıb. Belə ki, yarımmüdafiəçinin XIX turda “Xəzər Lənkəran”ın qapısından keçirdiyi qol fevralın ən yaxşısı adına layiq görülüb.
Asif klubunun rəsmi saytına açıqlamasında ən yaxşısı seçilməsinə münasibətini bildirib: “Əslində, gözləyirdim ki, məhz mənim "Xəzər-Lənkəran"ın qapısına vurduğum qol ən yaxşı qol seçiləcək. Bildirmək istərdim ki, digər 4 top da çox gözəl vurulmuşdu. Bu qollar arasında mən "Neftçi"nin futbolçusu Rəşad Sadiqovun "Simurq"un qapısına vurduğu topu xüsusilə qeyd etmək istərdim. "Xəzər Lənkəran"ın qapısına vurduğum qol komandamız üçün çox vacib oldu. Uzaqdan zərbə endirməsinə qərar verdim və daha sonra topun qapı xəttini keçdiyini gördüm. Etiraf edim ki, qolun bu qədər gözəl alınmasını gözləmirdim. Lakin bununla kifayətlənmək istəmirəm. İnşallah, bu qolun ardı gələcək və "İnter"ə fayda verməkdə davam edəcəyəm".
Məmmədov mübarizədə Rəşad Sadiqovla yanaşı, Rəşad Sadıqov (“Qarabağ”), türkiyəli Ender Günlü (“Turan”) və litvalı Mindauqas Kalonası (“Rəvan”) qabaqlayıb.
Qeyd edək ki, “İnter”in səfərdə 3:2 hesabı ilə qlaib gəldiyi həmin oyunda “Xəzər Lənkəran”da debet edən ispaniyalı qapıçı Toni Doblas ilk qolunu Asifdən buraxıb.
