Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Ağabala Ramazanov üçün əlamətdar oldu.
Kornera.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, ağ-yaşıl formada ilk dəfə het-trikə imza atıb. 4:1 hesablı qələbəyə 3 qolla töhfə verən hücumçu klub tarixində 7-ci het-trikin müəllifi olub.
Belə ki, “Xəzər Lənkəran”ın 9 illik tarixində Ağabalaya qədər 6 matçda 1 oyunçu 3 qol vurmuşdu. Yalnız Samir Əliyev 2 dəfə het-trik edib. Ramazanov bunu bacaran 6-cı futbolçumuz olub. Klub tarixində ilk belə hadisənin müəllifi də S.Əliyevdir. O, 2004/05 mövsümündə bunu gerçəkləşdirib.
Klubun sonuncu het-triki isə təxminən 3 il yarım, dəqiqi 1219 gün əvvələ təsadüf edir. Həmin vaxt Mario Souza “Muğan”la kubok oyununda 3 qol vurmuşdu.
Ümumiyyətlə, “Xəzər Lənkəran”ın 7 het-trikindən 4-ü kubok, 3-ü çempionatda qeydə alınıb. Futbolçularımız 5 dəfə evdə, 2 dəfə səfərdə het-trikə imza atıblar.
Rəqib meydanlarındakı son het-trikin də müəllifi Ramazanov olub. Bu, Ağabalanın qardaşı Zaurdur. O, təxminən 6 il, 2126 gün əvvəl “Turan”la qarşılaşmada 3 qol vurmuşdu.
1. Samir Əliyev, 2004/05, çempionat
6-cı tur. 03.11.2004. “Gənclərbirliyi” – 6:0 (evdə)
2. Oqtay Dərəlioğlu, 2004/05, çempionat
30-cu tur. 03.05.2005. “Ədliyyə” – 6:1 (evdə)
3. Samir Əliyev, 2005/06, kubok
1/16 final, ilk oyun. 24.09.2005. “Şərur” – 5:0 (səfərdə)”
4. Zaur Ramazanov, 2006/07, çempionat
19-cu tur. 12.05.2007. “Turan” – 5:0 (səfərdə)
5. Nadir Nəbiyev, 2007/08, çempionat
19-cu tur. 29.03.2008. “Gənclərbirliyi” – 5:0 (evdə)
6. Mario Souza, 2009/10, kubok
1/8 final. 04.11.2009. “Muğan” – 3:1 (evdə)
7. Ağabala Ramazanov, 2012/13, kubok
1/4 final, cavab oyunu. 07.03.2013. “Rəvan” – 4:1 (evdə)
Lakin Ağabala klub tarixində yeni rekord da müəyyənləşdirməyi bacarıb. Belə ki, o, klub tarixində ən gənc het-trik müəllifidir. A.Ramazanov 20 yaş 46 günlüyündə het-trikə imza atıb. Bunadək rekord ilk het-trikini 25 yaş 203 günlüyündə 1 oyuna 3 qol vuran Samir Əliyevə məxsus idi.
1. Ağabala Ramazanov – 20 yaş 46 gün
2. Samir Əliyev – 25 yaş 203 gün
3. Samir Əliyev – 26 yaş 163 gün
4. Nadir Nəbiyev – 27 yaş 254 gün
5. Oqtay Dərəlioğlu – 29 yaş 138 gün
6. Zaur Ramazanov – 30 yaş 289 gün
7. Mario Souza – 31 yaş 309 gün