“Xəzər Lənkəran” türkiyəli məşqçi İlhan Akgüllə müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis klubun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə təyin olunub. Bu gün klubun ofisində 2 illik müqaviləyə imza atan Akgül lənkəranlıların aşağı yaş qruplarına nəzarət edəcək.
O, “Xəzər Lənkəran”a yaxşı tanışdır. Belə ki, Akgül vaxtilə cənublularda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdı.
Biçərdən fərqli, Akgül vaxtilə özü də futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay" klubunun şərəfini qoruyub.
Akgül məşqçi qismində artıq 6 ildir çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
