Topaz Premyer Liqasının VIII turu "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran"ın 8 illik tarixində ən çox oyun keçirən futbolçu olan yarımmüdafiəçi bu matçda yubiley qeyd edəcək.
AZAL-la səfər oyunu Rahidin "Xəzər Lənkəran"ın heyətində 200-cü matçı olacaq. 2006-cı ilin yayında komandaya transfer olunan oyunçu indiyədək müxtəlif yarışlarda 199 dəfə "ağ-yaşıl" forma geyib.
Komandası ilə birlikdə Birlik kubokunun (2008), Azərbaycan çempionatının (2007/08) və 3 dəfə Azərbaycan kubokunun (2007/08, 2008/09, 2010/11) qalibi olan Əmirquliyev keçirdiyi 199 matçda 23 qol vurub. 2010/2011, 2011/2012 mövsümlərində isə Rahid Premyer Liqanın gümüş mükafatını əldə edib.
