Azərbaycan Kubokunda özünün 10-cu – yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçib.
Korner.az-ın məlumatına görə, bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar olub. Görüş debüt, yubileylər və ilklə tarixə düşüb.
3-cü türkiyəli
“Ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxıb. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşüb. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci olub.
Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidi. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.
51-ci darmadağın
“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub edib. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirib. Bu həm də “ağ-yaşılların Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci – yubiley qələbəsi olub.
70-ci dubl
Kubok matçı 2 dublla əlamətdar olub. “Xəzər Lənkəran”ın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirib. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail olub. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludu.
