Sabiq FIFA referisi Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyulub.
Korner.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.
Musayev bildirib ki, klub prezidenti Mais Mənsimov ondan Yusifovun bir daha “ağ-yaşıllar”ın oyunlarına təyinat almamasını istəyib. Mənsimov istəyini təcrübəli referinin “Xəzər Lənkəran”ın oyunları zamanı səhvlərə yol verməsi ilə əsaslandırıb. PFL prezidenti də Mənsimovun dəlillərini əsaslı sayaraq, bu xahişi yerinə yetirib: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir. Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.