Mövsümün antirekordu bitdi
XIII tur “Bakı”nın əsas və əvəzedici komandaları üçün fərqli olub.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, əsas komanda qələbəsizlik seriyasını dayandırıbsa, əvəzedicilər əksinə, qələbələrin davamını gətirə bilməyib.
IV turun avqustun 26-da baş tutan matçında “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən “Bakı” 7 oyunluq uğursuzluqdan sonra qalib gəlib. Mövsümün antirekordu olan 7 matçlıq seriyaya 83 gün sonra son verən Bojidar Bandoviçin komandası “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib. Bu seriya müddətində paytaxt təmsilçisi 5 dəfə heç-heçə edib və 2 dəfə uduzmuşdu.
Əvəzedicilər isə “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçə etdilər. Bununla da 12 oyunluq qələbə seriyası qırılıb. 1-i texniki nəticə olmaqla mövsümün ilk 12 matçında qalib gələn “Bakı” sonuncu dəfə ötən mövsümün 32-ci turunda xal itirmişdi.
Həmin vaxt “Neftçi”yə 2:3 hesabı ilə uduzan bakılılar çempionatların rekordunu müəyyənləşdirib. Belə ki, 2008-ci ildən təşkil olunan əvəzedicilərin çempionatlarında ardıcıl 12 qələbə qazanan olmamışdı. Bunadək “Neftçi” 2009/10, “İnter” 2010/11 mövsümündə 9 qələbəni sıralamaqla rekordçu idi.
