Mayın 20-də Premyer Liqada mövsümə rəsmən yekun vurulacaq. Mövsümün son görüşü Lənkəranda baş tutacaq ki, “Rəvan” “Xəzər Lənkəran”ın qonağı olacaq.
Korner.az-ın məlumatına görə, çempionatın XXXII turunda keçiriləcək görüşdən öncə tarixə boylanaraq statistikaya nəzər salmaq yerinə düşərdi.
8-ci yer uğrunda mübarizə aparan komandalar indiyə qədər öz aralarında 5 oyun keçirib. İlk 3 matçda hərəyə 1 qol vurub, 1 xal qazanan kollektivlərin son 2 görüşündə “sülh” qeydə alınmır. Lənkəranda “Xəzər Lənkəran”, Bakıda isə “Rəvan” qələbə qazanıb. “Xəzər Lənkəran”ın top fərqindəki üstünlüyü (7:4) isə onların qələbəsinin daha böyükhesablı olması ilə əlaqədardı.
Son 3 oyunda müxtəlif səbəblərdən məğlub olan “Rəvan” üçün Lənkəran səfəri sıradan sayılmamalıdı. Çünki ölkə kubokunda da “Rəvan” 1/4 finalda mübarizəni məhz cənub bölgəsində dayandırmışdı. Deməli, bakılı futbolçular ciddi heç nəyə təsir etməyəcək oyunda ən azı kiçik təsəlli üçün vuruşmalıdılar. Paytaxt komandası qələbə qazanacağı təqdirdə turnir cədvəlində 8-ci pilləyə çıxacaq və ötən mövsümkü nəticəsini təkrarlayacaq.