"Biz Marius Nikulaen ilə ciddi maraqlanmamışıq. Sadəcə bizim maraq dairəmizdə olan futbolçu olub".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın rəisi Səməd Mustafayev deyib. "Dinamo"dan (Buxarest) gözlənilən lakin baş tutmayan transfer barədə danışan Mustafayev, Nikulaenin sadəcə istədikləri hücumçu olduğunu bildirib:
"Onu deyim ki, burda tək Marius Nikulaenin adı keçmir. Biz çox futbolçu ilə maraqlanırıq. Nikulaen də maraq dairəmizdə olan futbolçulardan idi. Danışıqlar apardıq lakin alınmadı. Hazırda 5-6 futbolçular var onlarla da, danışıqlar gedir. Komandaya hücumçu cəlb etməyə çalışırıq".
Cənubluların rəisi Nikulaenlə bağlı bəzi məlumatları da təkzib edib: "Bəzi söz-söhbətlər gəzir ki, guya "Xəzər Lənkəran"ın maliyyə problemi ucbatından transferi alınmayıb. Ancaq bu belə deyil. Hamısı yalan informasiyalardır".
Sonda Səməd Mustafayev komandanın maraq dairəsində olan futbolçularla bağlı danışıb: "Sadəcə olaraq hələki hücumçular ilə maraqlanırıq. Daha dəqiq desəm Ruminyadan, Xorvatiyadan, Makedoniyadan müəyyən futbolçular var ki, gözümüzü onlara çevirmişik. Ad olaraq heç mən özüm də dəqiq bilmirəm. Çünki onlarla seleksiya məşqçilər məşğul olur. Nə vaxt futbolçularla danışıqlar aparmaq vaxtı çatanda onda adı tam olaraq məlum olacaq".
Hidayət Qurbanov
