Premyer Liqanın 34-cü turu çərçivəsində, may ayının 16-da AZAL-ı qəbul edəcək "Xəzər Lənkəran” doğma şəhərdə bir araya gəlib.
Korner.az-ın məlumatına görə, bu gün günün ikinci yarısında toplanan "ağ-yaşıllar" saat 17:00-da məşqə başlayıb.
Komanda bu dəfə məşqlərini keçirməyə alışdığı ehtiyat meydançada deyil, kiçik ölçülü ikinci yardımçı meydançada hazırlaşıb. Buna səbəb isə birinci ehtiyat meydançada yeni toxum səpimi işlərinin aparılmasıdır. Beləliklə, 17:00-da başlayan hazırlıq prosesi bir saata qədər davam edib. Əvvəlcə 15-dəqiqəlik isinmə hərəkətləri, daha sonra kvadratlarda bir toxunuşlu ötürmələrlə çalışan futbolçular sonda tennis-bol oynayıblar.
Qeyd edək k, zədəsini qismən sağaldan İlyas Səfərzadə komandadan ayrıca məşq edib, gənc futbolçu yüngül qaçışla kifayətlənib. Onu da əlavə edək ki, AZAL-la oyuna qədər Lənkəran təmsilçisi hər gün saat 17:00-dan başlayaraq saatyarım və daha çox müddətə məşq edəcək.
(12cioyuncu.info)
