Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunu 3 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı futbolçular Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli, həmçinin yunanıstanlı Dimitrios Sialmas ilk dəfə “ağ-yaşıl” formada rəsmi matça çıxdılar. Bu oyunçuların hər 3-ü qarşılaşmanın ikinci yarısında “Böyük oyun”a daxil oldu. Əvvəl Beto, ardınca Sialmas meydana çıxdı ki, sonuncu klub tarixində 150-ci futbolçu kimi düşdü. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatdı.
Bunlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən “Xəzər Lənkəran”ın 90-cı əcnəbisi Beto oldu. O və həmyerlisi klubda oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırdı. Dimitrios isə “Xəzər Lənkəran”ın ilk yunanıstanlısı oldu.
Bunadək 32 ölkədən olan oyunçular komandada çıxış etmişdi. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşdü: Rumıniya – 18, Braziliya – 12, Türkiyə – 9, Serbiya – 7, Belarus – 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Yunanıstan – hərəsi 1
Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 4 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadənin isə Premyer Liqanın ilk turuna təsadüf etmişdi.
