“Xəzər Lənkəran” Topaz Premyer Liqasının ikinci dövrəsinə “Rəvan”la qarşılaşma ilə başlayacaq. Korner.az-ın məlumatına görə, 12-ci turda baş tutacaq qarşılaşma rəqiblər arasında 4-cü duel olacaq.
Əvvəlki matçlarda indiyədək qalib gələn olmayıb. Maraqlıdır ki, hər 3 matç eyni – 1:1 hesabı ilə başa çatıb. Komandalar bu dəfə ənənəni qırmağa çalışacaqlar.
Bütün oyunların Premyer Liqada keçirildiyi duellərdən 2-si ötən mövsüm, digəri isə cari mövsümün startına təsadüf edib. Bu qarşılaşmalarda 25 futbolçu “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Onlardan yalnız 5-i hər 3 qarşılaşmanın iştirakçısı olub. Adrian Pit, Eder Bonfim, Branimir Subaşiç, Rahid Əmirquliyev “Rəvan”a qarşı əvəzolunmadan oynayıblarsa, Elnur Abdullayev meydana çıxdığı 3 qarşılaşmada heç də həmişə heyətdə olmayıb. Bu görüşlərdə komandanın qollarını Branimir Subaşiç, Rahid Əmirquliyev, Katalin Doman vurublar. Elə rəqib də hər matçda 1 qapıçını məyus edib: Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı hərəsi 1 oyunda 1 qola üzülüb. Bu matçlarda hakimlər cənublu futbolçulara 7 sarı vərəqə göstərib. 7 oyunçunun hərəsi 1 dəfə “fərqlənib”.
