Bakıda keçirilən 42-ci Şahmat Olimpiadası davam edir.
Korner.az-ın məlumatına görə, yarışın üçüncü günündə kişilərdən ibarət ikinci komandamız hindistanlı parlaq zəkalarla qarşılaşıb.
Birinci lövhədə yarışan Vasif Durarbəyli rəqib komandanın şahmatçısı təcrübəli Pentala Harikrişna ilə heç-heçə oynayıb.
Oyundan sonra mətbuat konfransında iştirak edən şahmatçımız jurnalistlərin suallarınız cavablandırıb.
"Rəqibim güclü idi. Hər şey plana uyğun getdi. Təssüflər olsun ki, rəqib səhv etmədi. Buna görə də oyun heç-heçə oldu. Mənim hazırladığım tələyə düşmədi.
İlk tur da mənim üçün uğurlu keçmədi. Mozambikə qarşı bir gediş səhv etdim və bu partiyanın taleyini həll etdi. Baxmayaraq ki, bir piyada artıq idim. Bunun da səbəbi yuxusuzluq idi. Mən ABŞ-da təhsil alıram. İlk günlər zaman fərqinə öyrəşmədim və yuxu problemim oldu. Bu səbədən çətin oldu".
Vasif Durarbəyli dərslərlə şahmatı necə uyğunlaşdıra bildiyini də açıqlayıb:
"Dərslərlə şahmat asan getmir, kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə icazə vermir (gülür). Geri qayıtdıqdan sonra oxuyacam və düşünürəm ki, üstəsindən gələcəm.
Şahmatçımız Azərbaycana gələn qonaqlara məsləhətlərini verib
"Qonaqlara məsləhət görürəm ki, Azərbaycanda Qız Qalası və İçərişəhərə getsinlər. Ən əsas, təbii ki, yeməkləri məsləhət görürəm. Dolma, xəngəl və s. Mən bura gələndə ancaq yeməklə məşğul oluram (gülür).
Vasif Durarbəyli lövhələr üzrə bölgü haqda bunları deyib:
"Qədir Hüseynov təcrübəlidi. Dördüncü lövhədə yüksək nəticə göstərib qələbələr qazana bilər. Mən güclü oyunçulara qarşı yaxşı oynayıram, nəyinki zəif rəqiblər. Buna görə də, birinci lövhədəyəm. "İlk onluğ"a düşmək bizim üçün uğur sayıla bilər.
İkinci komadamızın reytinq üzrə elə ikinci şahmatçısı olan Vasif gələcəyi haqda planlarını düşünmədiyini deyib:
"Gələcəklə bağlı qərar qəbul etməmişəm. Hazırda iqtisadiyyat öyrənirəm. Amerikada dərslər çox vaxt aparır. Vaxt olduqca şahmatla məşğul oluram. Orada oyunlarımız olur. Otaq yoldaşım Vyetnamın birinci lövhədədi.
Vasif Durarbəyli ölkə prezidenti İlham Əliyevin onu güləşçiyə oxşatmasına münasibət bildirib:
"Prezident hamı ilə salamlaşanda mənə "sən də şahmatçısan?, – dedi. Təccüblü gəldi. Dedim ki, "bəli". O isə "sən daha çox güləşçiyə oxşayırsan" cavabını verdi (gülür). İlk turda Mozambik şahmatçısını uda bilməyəndən sonra gördüm ki o haqlıdı.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
