"Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Vaqif Cavadov deyib. "Qarabağ"ın hücumçusu Premyer Liqanın XIX turu çərçivəsində baş tutacaq "Qəbələ" ilə oyun barədə də fikirlərini açıqlayıb:
"İndi çempionata köklənmək lazımdır. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar. Olduqca çətin oyun olacaq. Düzdü, son zamanlar "qırmızı-qara"larla görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır.
Qurban müəllimin məni hücumun sivri ucunda oynatmasına gəlincə, mənim üçün belə baxanda fərqi yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdı. Millidə qol vurduqdan sonra, təbii ki, "Qəbələ"yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik".