Futzal

“Vacib olan qələbə idi, onu da qazandıq”

29.01.2021 , 22:38

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva bu gün Bakı İdman Sarayında Slovakiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Korner.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik.

Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik.

Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”.

Son yazılar

Yuxarı