“Neftçi”nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqanın 30-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyun haqda fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında komandasının qələbə üçün əlindən gələni etdiyini bildirən Qasımov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Futbolçular qələbə üçün hər şeyi etdilər. Ancaq rəqib hazırda Azərbaycanda ən güclü klubdur. Onları qələbə münasibəti ilə təbrik edirəm.
– Aylton kluba ilk gəldiyi vaxtlarda müdafiədə oynayırdı. Ancaq son vaxtlar ona yarımmüdafiədə şans verirsiniz. Bu gün qol da vurdu. Bəlkə ona hücumda da oynadasınız…
– Ayltonun potensialı ona irəli xətdə oynamağa imkan verir.
– Araz Abdullayevin oynamamasının səbəbi nə idi?
– Arazla bağlı problem yoxdur. Gələn oyunlarda meydana çıxa bilər.
– Buraxılan qollarda Aqil Məmmədovun nə dərəcədə səhvi var idi?
– Aqil Vaylodan daha təcrübəli olduğu üçün ona şans verdim. Məncə buraxılan qollarda Aqilin səhvi yox idi.
– Komanda Premyer Liqada 7-ci pillədədi…
– Yeddinci yerdən qurtularaq yuxarı pillələrdə qərarlaşmaq üçün sonadək mübarizə aparacağıq. Həm kubok, həm də çempionat oyunları bizim üçün önəmlidir.
