Bu gün Topaz
Premyer Liqasının VII turuna strt verilib. Turun açılış oyununda Qəbələnin
eyniadlı komandası Bakının “Rəvan” klubunu qəbul etdi. Görüş “Qəbələ”nin 3-0
hesablı qələbəsi ilə başa çatdı.
Korner.az-ın PFL-yə istinadən verdiyi məlumata görə, oyundan sonra hər iki
komandanın baş məşqçisi mətbuat konfransında iştirak edib.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi
qazanılan qələbə ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da,
“Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi. Oyunöncəsi
məşqdə Aqil Nəbiyevin
zədələnməsi də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə
apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Yaxşı oynadıq,
ilk hissədə iki qol vurduq. Hər iki hissədə hücumlarımız oldu. Meydança da əla
vəziyyətdədir. 3-0 qalib gəldik, ancaq ikinci hissənin axırlarına yaxın
komandamın oyunu məni qane etmədi”.