Layihə

Ukraynalı şahmatçı: “Daha iki gün Bakıda qalmaq istəyərdim” – MÜSAHİBƏ

22.09.2016 , 20:11

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında 3-cü pilləyə çıxan Ukrayna komandasının üzvü Anna Uşenina turnirlə bağlı fikirlərini bölüşüb.

Komandanın dördüncü lövhəsində mübarizə aparan şahmatçı düşüncələrini korner.az saytına bildirib:

– Bakı Şahmat Olimpiadası sizin üçün nə ilə yadda qaldı?

– Çox xoşuma gəldi. Təşkilatçılar yarışmanı yüksək səviyyədə keçirmək üçün kifayət qədər çalışdılar. Bu açıq aşkar özünü büruzə verirdi. Əslində, Bakıdaki olimpiada yəqin ki, təşkilatçılığa görə ən yaxşı olimpiadalardan biridi.

– İki həftəyə yaxın müddətdə Bakıda yaşamaq necə hiss idi?

– Vaxt çox tez keçdi. İstəyərdim ki, bir istirahət günü, yada əlavə iki gün şəhəri gəzmək üçün Bakıda qalım.

– Doyunca gəzə bilmədiniz?

– Sadəcə “Torqovıy”da (Nizami küçəsi) və bulvarda oldum. Təbii ki, Qız Qalasını da ziyarət etdim.

– Turnir haqda danışaq. Ukrayna komandası həm kişilərdə, həm də qadınların yarışmasında favorit sayılırdı. Bürünc medalı qadın komandası üçün uğur hesab etmək olarmı?

– Mənim üçün istənilən medal uğurdu. Əlbəttə, həmişə ilk pilləni tutmaq istəyirik. Amma bu sadəcə oyundu. Həmçinin komanda yarışlarında da mübarizə aparmaq çətindi. Yaxşı nəticə üçün bütün iştirakçılar optimal formada olmalıdı

– Uğurun sirri nədə idi?

– Düzünə qalsa, bu təkcə uğur deyildi. Son turlarda ABŞ komandası Monqolustanla heç-heçə oynadı, hərçənd qalibiyyət üçün böyük şansları vardı. Əgər onlar qələbə qazansaydı, rəqabət davam edərdi və mükafatçıların siyahısı tamam başqa cür ola bilərdi. Amma yenə də bizim güclü, stabil optimal formada olan komandamız var və üçüncü yer pis nəticə deyil.

– Bəs siz optimal formada idinizmi?

– Əslində, elə də pis çıxış etmədim. Optimal deyildi, amma pis də deyildi. Bir çox partiyada öz şanslarımı itirdim.

– Sizin üçün turnirin sürprizi?

– Polşa komandasının ikinci yeri tutması.

– Azərbaycan komandasının çıxışını necə dəyərləndirirsiz?

– Yaxşı mənada təəccübləndirdi. Görünürdü ki, qızlar yüksək nəticə üçün böyük istəklə çalışırdılar

– Komandanızda lövhələr üzrə düzülüş sizi qane etdimi?

– Lövhələr reytinqə görə düzülmüşdü. Bu səbəbdən şikayət edəcək bir şey yoxdu.

Müsahibə AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

 

 

 

Son yazılar

Yuxarı