Avropa liqası

UEFA Mxitaryana dəstək olacaq

16.04.2019 , 20:16

“Arsenal” Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.

Bu barədə ESPN nəşri məlumat yayıb. İddiaya görə, qitə futbol qurumunun rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər. UEFA-nın bunun həlli üçün bütün səylərini səfərbər edəcəyi bildirilir.

Qurumdan verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib: “Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir”.

Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda “Napoli”ni 2:0 hesabı ilə məğlub edən “Arsenal” bu gün səfərdə cavab matçına çıxacaq. “Topçular” mərhələni keçsələr, yarımfinalda “Vilyarreal” – “Valensiya” cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə – 2015-ci ildə hələ Dortmund “Borussiya”sında çıxış edərkən “Qəbələ”, ötən il isə “Qarabağ”la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu. (Qol.az)

Son yazılar

Yuxarı