UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” (Tbilisi) futbol klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib.
Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.
UEFA-nın cavabında o da qeyd olunub ki, Tbilisidə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20 000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.
