“Biz matçın ilk hissəsində yaxşı oynadıq. Cütün taleyini görüşün bu bölümündə həll etmək imkanlarımız da oldu. İstifadə etməli idik. Lakin bu baş vermədi və nəticədə rəqib mərhələ adladı”.
Korner.az-ın məlumatına görə, bunu “Tvente”nin futbolçusu Andreas Byelland deyib.
Hollandiya təmsilçisinin kapitanı Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununu şərh edib. Byelland səfərdə 0:0 hesablı heç-heçədən sonra mərhələ adlamaq şanları yüksək qiymətləndirilsə də, ağdamlılar Enshededə arzularını puç edib:
“1:0 hesabı ilə öndə olduğumuz matçda üstünlüyümüzü əldən verdik. Buraxılan qoldan sonra isə bizim üçün çox çətin oldu. Çünki mütləq qol vurmalı idik. Oyuna nəzarət etsək də, qol epizodları yarada bilmədik. Mübarizəni dayandırmağımız çox acınacaqlıdır. Bu dərsdən nəticə çıxarmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” cavab matçında 1:1 hesablı heç-heçəyə nail olaraq, səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.
