“Baş məşqçimiz Elbrus Məmmədovun açıqlaması ilə mən də tanışam. Onunla klub prezidenti arasında da müzakirələr olur. “Xəzər Lənkəran” növbəti mövsümdə iddialı çıxış etmək niyyətindədi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verən Nadirov komandanın növbəti mövsümdəki hədəflərindən danışıb:
“Xəzər Lənkəran”da perspektivli futbolçular da var, zəiflər də. Mövsümün sonunda heyətlə bağlı qərar veriləcək. “Xəzər Lənkəran” əslində, hər mövsümə iddialı başlayır. Gələn il də belə olacaq . Futbolçular qarşısında müəyyən öhdəliklər var. Bu, qismən ödənir. Düşdüyümüz çətin vəziyyətlə müqayisədə indi durumumuz müsbətə doğru dəyişib. İnanıram ki, problemlər yayda tamamilə həll olacaq. İndiki məqamda ən böyük problemimiz UEFA-nın çıxardığı qərarlarla bağlıdı. Futbolçuların qarşısındakı öhdəliklər həll olmalıdı. Biz onların həm özləri, həm də hüquqşünasları ilə əlaqə saxlayırıq. İstəyirik ki, məsələ həll edilsin, kluba sanksiya tətbiq olunmasın. Başqa heç bir problemimiz yoxdu. Bütün aşağı yaş qruplarımız çempionatda çıxış edir. Əsas heyətdə öz yetirmələrmiz var”.
Nadirovun sözlərinə görə, yayda komandada baş məşqçi dəyişikliyi gözlənilmir: “Məşqçi dəyişikliyi gündəmdə yoxdu. Sadəcə, heyət gücləndirilməlidi. 1-2 mövqeyə yeni oyunçular lazımdı. Klubun prezidenti Mais Mənsimov, həmçinin fəxri-prezidenti Mübariz Mənsimov tez-tez hesabat alır, hər şeydən xəbərdardı. Belə bir fikir formalaşıb ki, guya “Palmali” Şirkətlər Qrupu “Xəzər Lənkəran”a sponsorluq etmək istəmir. Ancaq belə bir şey yoxdu. Hər şey qaydasındadı. Stadionumuzda yeni sponsorlarımızın lövhələri yerləşdirilib. Bu yaxınlarda özünüz də yeni sponsorların adlarını eşidəcəksiniz. Ümid edirəm ki, bütün problemlərimiz 2015/16 mövsümündə qalacaq”.
Nadirov komandanın I diviziona düşməməyi üçün çalışdıqlarını əlavə edib: “Şükür, nə stadionumuz bankda girovdadı, nə də borcumuz var. Bu mənada digər bəzi klublardan fərqlənirik. Əlimizdən gələni edirik ki, klub yaşasın. Çünki “Xəzər Lənkəran” aşağı liqaya düşsə, sponsorlar maraq göstərməyə bilərlər. Sponsorlarımızdan olan “Nar Mobile” bizimlə əməkdaşlıq etdikdən sonra satışda artım olduğunu dedi. Biz təkcə komanda yox, həm də bir camiəyik. Camiə isə həmişə komandanın yanında olur”.
Cənub təmsilçisinin vitse-prezidenti İspaniya klubu “Ovyedo” ilə anlaşan Elnur Cəfərovun transferindən də bəhs edib: “Elnur bizim yetirməmizdi. Onun atası da əvvəllər “Xəzər Lənkəran”da oynayıb. Elnurun İspaniyada çıxışı bizim üçün uğur olar. Burda elə klublar var idi ki, İspaniyadakından çox pul təklif edirdilər. Ancaq biz Elnurun İspaniyada çıxış etməsinin “Xəzər Lənkəran” üçün daha faydalı olacağını düşündük”. (apasport.az)
