“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov “Neftçi” ilə dekabrın 14-də keçirəcəkləri Topaz Premyer Liqasının XVII tur matçı öncəsi müsahibə verib:
– Komandanız bu mövsüm qeyri-sabit çıxış edir. “Neftçi” ilə görüş “Xəzər Lənkəran” üçün dönüş nöqtəsi ola bilər?
– Mən qeyri-sabit çıxış etdiyimizə dair fikirlərlə razı deyiləm. Düzdür, son 3 oyunda qələbə qazanmamışıq. Amma komandamızda mübarizə ruhu formalaşıb, futbolçular sonadək mübarizə aparırlar. Bunu son matçlarımızda da gördünüz. Məsələn, “Simurq”la səfər görüşündə hətta azlıqda qalmağımıza baxmayaraq, 2 topluq fərqi aradan qaldırdıq. Eyni sözləri “Bakı” ilə çempionat, “Turan”la kubok qarşılaşmaları barədə də demək olar.
– Əvvəlki matçlarda zədəli və cəzalı futbolçularınız olurdu. Qarşıdakı oyunda necə, cəzalı Ruslan Abışovdan savayı, hansı itki var?
– Xeyr. Artıq cəzalı və zədəli futbolçularımız da sıradadırlar. Onların oyuna nə dərəcədə hazır olduqlarına dair qərarı baş məşqçimiz verəcək.
– Bəs Abışovun yoxluğunu “Xəzər Lənkəran” üçün itki saymırsınız?
– Ruslan yaxşı futbolçudur, amma komandanın çıxışı bir oyunçudan asılı olmamalıdır. Fikrimcə, digər futbolçularımız onun yoxluğunu unutdura biləcəklər.
– Görüşü qonaq komanda azarkeşlərinin izləməsində problem olmayacaq?
– Bizim tərəfdən heç bir problem yoxdur. Gəlib oyunu izləyə bilərlər. Bunun üçün bütün lazımi tədbirlər görüləcək. Hazırda özüm də Lənkərandayam və oyun öncəsi hazırlıq işləri ilə məşğulam.
– Matça baş hakim qismində təyin olunan Fariz Yusifov ötən tur “İnter” – AZAL matçında kobud səhvi ilə yadda qalıb. Belə bir referinin təyinatına münasibətiniz necədir?
– Bizim üçün oyunumuza hansı referinin təyin olunması böyük önəm kəsb etmir. Əsas məsələ odur ki, obyektiv olsunlar. Yusifovun matçı lazımi səviyyədə idarə edəcəyini gözləyirik.
lent.az
