"Xəzər Lənkəran" transferə çıxardığı qapıçı Kamran Ağayevin adını yenidən sifariş ərizəsinə salıb. Bu münasibətlə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxladıq.
Klub rəsmisi Korner.az-a açıqlamasında bunları dedi:
"Trasfer pəncərəsi hələ bağlanmayıb. Kamran transferdədir. O, bizim futbolçudur. Başqa kluba keçənə qədər komandamızın müəyyən öhdəlikləri var. Misal üçün, məşq etməlidir. O da əvəzedici komandanın heyətində məşq edəcək. Əvəzedicilərin baş məşqçisi istəsə, onu oyunlara da çıxara bilər. Ancaq əsas heyətdən birdəfəlik şəkildə uzaqlaşdırılıb. O adam məşq eləməlidi. Müqavilə ilə bizə məxsus olan futbolçudu və transferə çıxarılıb.Futbolçunu heç bir klub almırsa, o şərtləri biz yerinə yetirməliyik. Bunlar futbolçunun muqaviləsində göstərilən şərtlərdir. Onun məşq etməsini təmin etməliyik, maaşının müəyyən hissəsi ilə təmin eləməliyik. Amma bu o demək deyil ki, əsas komandaya qayıdacaq. Bir daha təkrar edirəm: Kamran "Xəzər-Lənkəran"ın əsas komandasından uzaqlaşdırılıb".
Qeyd edək ki, Kamran Ağayev UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Lex" (Polşa) klubu ilə cavab oyunundan sonra transferə çıxarılmışdı.
