“Turnirin sonuna qədər gedə bilərik” – Sulşer
07.03.2019 , 11:13

“Ser Aleks Fergüsson da xoşbəxtdir və komanda ilə fəxr edir. “Mançester Yunayted” bunu etdi. Turnirin sonuna qədər gedə bilərik. Ancaq püşkü gözləməliyik. 1/4 finalda bütün komandalar güclü olacaq”.
Bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.
Norveçli mütəxəssis Parisdə qələbə qazanaraq 1/4 finala yüksəldikləri oyunu şərh edərkən bu nəticəyə layiq olduqlarını bildirib: “Fantastikadır. Uşaqlara inanırdım. Layiqli qələbə qazandıq. Bu, Çempionlar Liqasıdır. Komanda ilə birgə ötən gecə keçirilən “Real” – “Ayaks” oyununu müzakirə etmişdik. Ötən mövsüm “Real” və “Yuventus” geridönüş etmişdi. Bu dəfə isə biz bacardıq”.
Sulşer komandadakı gələcək taleyi ilə bağlı qısa danışıb: “İndi bu barədə danışmayaq. Hazırda komandada əla atmosfer var. Ancaq hər şeyə yayda aydınlıq gələcək”.
