Türkiyədə hakimlərin mərc qalmaqalı: 149 nəfər cəzalandırıldı
03.11.2025 , 16:30
Türkiyə Futbol Federasiyası (TFF) ölkədə fəaliyyət göstərən hakimlərin mərc oyunlarında iştirakı ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb.
Korner.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma nəticəsində hakimlərin 65 faizinin bukmeker şirkətlərində hesabı olduğu, onlardan 152-nin isə aktiv şəkildə idman mərclərinə qoşulduğu üzə çıxıb.
Bu faktlara görə, 149 hakim 8–12 ay müddətinə futboldan uzaqlaşdırılıb. Onlardan biri 18 227 dəfə mərc əməliyyatı aparıb, 42 hakimin isə hər biri ən azı 1000 futbol qarşılaşmasına pul qoyduğu müəyyən edilib.
Federasiya üç hakimin fəaliyyəti ilə bağlı istintaqın hələ davam etdiyini açıqlayıb.
Qaydalarına əsasən, FİFA və UEFA futbol hakimlərinin istənilən idman növünə mərc etməsini qəti şəkildə yasaqlayır.