Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman ölkə kubokunun və Super kubokunun Türkiyədən kənarda keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb.
Bir müddət öncə paytaxtımıza səfər etmiş İstanbul klubunun prezidenti reklam üçün belə oyunların kənarda keçirilməsini dəstəkləyib: “Ölkədən kənarda oyunlar keçirilməlidir. Türkiyə kubokunun finalını və Super kubokunu buna aid etmək olar. Reklam işləri üçün vacib amildir”.
Bu mövsüm Türkiyə kubokunun finalı “Diyarbakır” stadionunda keçiriləcək. Super kubok matçının yeri isə açıqlanmayıb.
Türkiyə mətbuatı bir müddət öncə Super kubok oyununun Bakıda keçirilməsi ilə bağlı xəbərlər yayıb. Gələn mövsüm Avropa Liqasının finalını qəbul edəcək Bakı Olimpiya Stadionunda bu matçın keçirilməsi ehtimalı var.
