“Bizim üçün çox çətin oyun oldu. İlk hissəyə yaxşı başlamadıq, təşəbbüsü rəqibə verdik. Birinci hissədən sonra oyunumuzda dəyişiklik etsək də, sona qədər dözə bilmədik. Düşünürəm ki, diqqətsizlik etdiyim üçün qol buraxdıq”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Paytaxt klubu Topaz Premyer Liqasının II turunda səfərdə “Qarabağ”a məğlub olub – 1:0. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcüstanlı mütəxəssis fikirlərini bildirib: “Əlbəttə, ardıcıl iki oyunda məğlub olmaq və çempionata uğursuz start ermək qəbulolunmazdır. Amma futbolda belə hallar olur, önümüzdəki oyunlara yaxşı hazırlaşmalı və vəziyyətdən çıxmalıyıq”.
– İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdız. Bunun sizin üçün əhəmiyyəti var?
– Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. İstəyərdik ki, startda başqa komadalarla qarşılaşaq. Ancaq bu oyunlarda xal qazana bilərdik. Bu görüşlər geridə qaldı. Qarşıdakı oyunlarda xal qazanmaq şansımız var.
– Komandada bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutdu. Sizcə, bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiz?
– Ötən mövsüm yaxşı oyunçularımız var idi. İndi isə ehtiyat oyunçular skamyamız qısadı. Qışa kimi bizim üçün çox çətin olacaq. Transfer pəncərəsi açılana kimi əzab çəkəcəyik.
– Sizcə, komandada maaş problemi olduğu halda yeni transferlər etmək mümkün olacaq?
– Bəli, məncə, mümkün olacaq. Yavaş-yavaş vəziyyət düzələcək.
Futbol11.az
