Yadınızdadısa, yay transfer pəncərəsinin açılmasına az müddət qalmış, Azərbaycanda yeni menecerlik şirkətinin açılması xəbəri yayıldı. Şirkətin aparıcı fiquru keçmiş həmkarımız Rəsul Şükürsoy idi. Aradan xeyli müddət keçməsinə baxmayaraq, “Transfer Market” “bazar”da, demək olar ki, heç bir uğurlu transferiylə gündəmə gəlmədi. Elə Şükürsoyla görüşümüzün məqsədi də bu idi: 4-5 aylıq fəaliyyət dövründə cəmi bir futbolçunun transferinə nail olmaq, mənim nəzərimdə uğursuz göstəricidi. Hərçənd, Rəsul bununla razılaşmır və bizə Azərbaycan reallıqlarından – “bazar”dakı monopolistlərdən, transfer fırıldaqlarından danışır. Və bir də etdiyi şirkətin fəaliyyətində buraxdığı səhvdən… Çay süfrəsi arxasında keçən söhbətimiz uzun çəkdi və bir də gördük ki, gecə yarısıdı, daha danışılacaq heç nə qalmayıb, evə getmək vaxtıdı…
– Səhv etmirəmsə, 4-5 ay bundan əvvəl yaratmışdız “Transfer Market Azərbaycan” şirkətini. Hər halda, özünüsübut üçün az vaxt deyil. Bu müddətdə nə iş görmüsüz?
Şirkətin yaranma məqsədi, əslində, Azərbaycana futbolçu gətirib, klublara təqdim etmək deyildi. Əksinə, Azərbaycandan xaricə futbolçu çıxartmalıydıq. Bazarı müəyyən qədər bilirdik, amma elə məqamlar oldu ki, tanıdığımız, aramızda münasibət olan məşqçilərdən aldığımız təkliflər üzərinə xaricdən də buraya futbolçu gətirmək istədik. Və bunu özümün səhv qərarım kimi qəbul edirəm. Amma nəticəsi nə oldu? Ən azı, bir çox azərbaycanlı futbolçunun, milli komanda üzvlərinin reklamı ilə məşğul olduq, onları təbliğ etdik. Onların danışıqlarını apardıq. Bu gün Cavid Hüseynov “Adana Dəmirspor”da oynayır, birbaşa bizim vasitəmizlə ora getməyib. Rail Məlikov “Dənizlispor”da oynayır, o da birbaşa bizim vasitəmizlə getməyib. Amma klublara bu futbolçuların tanıdılmasında bu şirkətin rolu olub. Eyni zamanda, yadınıza gələr, Drezen “Dinamo”sunun rəsmilərinin yığmamızın yoxlama oyununa gəlməyi biz tərəfdən təşkli olunmuşdu, “Antalyaspor”un skautunu buraya biz dəvət etmışdik, “Çernomorets”in skautlarını Yaponiyayla oyuna dəvət etmişdik. Eyni zamanda, bu oyunu ukraynalı menecerlər ekran başında izləyirdilər. Hər halda qışda və gələn yay bir çox futbolçumuzun xarici klublara keçdiyini görəcəksiz. Bu da bizim əməyimizin nəticəsidi. Amma, təbii, mən o vaxt “Transfer Market”də olacammı, olmayacammı – bilmirəm.
– Şirkət qarşısına qoyduğu məqsədə nail olmayıbsa, bir başqasının reklamı ilə məşğul olubsa və s. Hər halda bunlar şirkətin ana məqsədindən deyildi. Özün də etiraf edirsən ki, ana məqsəddən sapmalara yol vermək mənim səhvim idi. Mənim fikrimcə, ana məqsəddən sapmalara yol vermək – dəxli yoxdu, bunu sonradan etiraf edirsən, ya yox – uğursuz fəaliyyət deməkdi. Razısanmı?
Razıyam. Sadəcə, şirkət özünün biznes planında qarşısına qoyduğu işləri görmür. Bunun da bir sıra səbəbləri var. Mən o səbəbləri sadalaya bilərəm.
– Azərbaycanlı futbolçuları ölkə xaricinə çixartmaq idi məqsədiniz, düzdümü? Hansı azərbaycanlı oyunçunu xaricə çıxartmaq istədiniz, amma qarşınıza maneə çıxdı?
Cavid İmamverdiyev bizim ən çox, ən birinci üstündə durduğumuz addı. Çünki “Antalyaspor”un skautu Kərim Koç onu bəyənmişdi “Neftçi”-“Qarabağ” oyununda. Biz həmin oyunu birlikdə canlı izləmişdik. Ondan sonra məlum olduki Cavid İmamverdiyevin bütün hüquqları Musa Qurbanovun şirkətinə məxsusdu, onlarla müqavilə bağlayıb. Düzdü, bu arada bəzi narazılıqlar oldu. Musa Qurbanovla razılaşdıq, onun keçidinə dəstək olacaqlarını dedilər. Bir az da “Neftçi” tərəfi istəsəydi, bu məsələdə aktiv hərəkət eləsəydi, Cavid İmamverdiyev indi “Neftçi”nin sıralarında deyildi.
– Passiv hərəkəti nə idi ki?
Passiv hərəkəti o idi ki, konkret olaraq onlar Cavid İmamverdiyevi komandadan buraxmaq istəmədilər.
– Niyə? Səbəb nə göstərilirdi?
Təkliflərdəki maliyyə şərtləri onları qane eləmirdi. “Neftçi” hər nə qədər desə ki, bizim istənilən futbolçunun yolu açıqdı, futbolçumuzun Avropada oynamasıyla fəxr edərik filan – boş şeylərdi. Konkret olaraq Cavid imamverdiyev məsələsində iki təklif var idi, bu gün ikisinin də məndə məktubları var. Biri “Şanlıurfaspor”un təklifi idi, o biri isə “Kayseri Ərciyəspor”un. İkisinin də yazılı müraciəti özümdədi.
– Hər ikisi birinci divizion klubudu.
Bəli.
– Niyə aşağı divizion komandaları?
Səbəb sadədi – Superliqada azərbaycanlı futbolçu legioner sayılır, Bank Asya liqasında sayılmır.
– Misalçün, Cavid İmamverdiyev Superliqada oynayan əksər əcnəbilərlə eyni potensiala malik oyunçudu, mənim fikrimcə.
Bu işdə təkcə mən, yaxud Cavid maraqlı olsa, alınmayacaq. “Neftçi”nin özü də maraqlı olmalıdı ki, bu iş baş tutsun. “Neftçi”nin özü, eləcə də “Qarabağ”,”Bakı” və sair, öz futbolçularının ölkə xaricində oynamaları istiqamətində hansı işlər görür?! Bir iş görsələr, dəstək versələr, niyə də olmasın? Sadəcə, necə deyim, müraciətlərimizi klublar o qədər də ciddi qəbul eləmirlər. Başlarını daxili transferlərlə qatırlar. Kim hardan kimi alacaq, nə qədər qazanacaq – belə işlərlə məşğuldular.
– Cavidi bir nümunə göstərdin. Başqa?
Caviddən başqa, Vüqar Nadirovla bağlı danışığımız olub Drezden “Dinamo”suyla. Vüqarla danışdıq, istədiyi məbləği qarşı tərəfə bildirdik. Məbləğ çox olduğuna gorə alınmadı.
– Məbləğ nə qədər idi?
Gəl bunu açıqlamayım.
-Yəni Azərbaycan şərtlərinə uyğun idi?
Uyğun idi. Azərbaycanda qazandığı pulu istəyirdi. Amma onu nəzərə almır ki, futbolçularımızın burda qazandıqları pulu Avropada onlara verməzlər.
– Başqa?
Arif İsayevi bosniyalı menecer vasitəsi ilə yunan klublarına təklif eləmişdik. Bəyənmişdilər də. Amma sonradan menecerdən xəbər çıxmadı. Məsələn, Rail Məlikovu ən son “Adana Dəmirspor”a danışmışdıq. Onun “Konyaspor”a keçmək variantı da var idi. Amma Railə görə Azərbaycana zəng edib “referans” alanda burdan kimsə demişdi ki, onun yaşını böyüdüblər, həm də uzun müddətdi yığmaya çağırılmır. Yəni bir kluba veriləcək ən axmaq “referans”ı vermişdilər. Ona görə “Konyaspor” geri çəkilmişdi.
– Kim vermişdi “referans”ı? Keçmiş klubumu, menecerlərmi?
Burdakı menecerlər. Hər halda, mən belə düşünürəm ki, bunu Raili “Dənizlispor”a aparan adamlar eləmişdilər. Ki, onu daha aşağı şərtlərlə aparsınlar.
– Ümumiyyətlə, belə deyək, Azərbaycanda menecerlik institutu bərbaddı. Bu işlə məşğul olmağa hüquqi ixtiyarı olan şəxslərdən çox, olmayan şəxslər, yəni lisenziyası olanlardan daha çox, olmayanlar məşğul olur. Sizin şirkətin, yaxud konkert olaraq elə sənin özünün və ya şirkətdəki digər şəxslərin lisenziyası varmı?
Bizim şirkətin əməkdaşlarının lisenziyaları olmasa da, əməkdaşlıq müqaviləsi bağladığımız xarici menecerlərin lisenziyaları var. Yəni bir nəfər deyil, çox menecerlə müqavilə bağlamışıq. Futbolçuları da həmin menecerlər vasitəsilə dünya bazarına çıxartmaq kursu götürmüşdük. Amma bizim lisenziyalı menecerlərimiz o qədər dələduzluqla məşğul olublar ki, futbolçular da inam itib, müqavilə bağlamaq işinə yaxın durmurlar. Misalçün, Rauf Əliyevlə müqavilə bağlayırlar, sabah Rauf “Xəzər-Lənkəran”dan “Qarabağ”a keçsin, onda önünü kəsirlər ki, mənim faizimi ver. Aydındı? Yanı bu iş deyil, bu menecerlik işi deyil. Bu yöndə futbolçularda haqlıdılar. Məsələn, hansısa Vəli onu “Turan”dan “Kəpəz”ə satan menecerlə niyə müqavilə bağlasın? Onsuz da Vəli “Turan”dan “Kəpəz”ə özü də keçə bilər. Başa düşürsənmi? Məsələ budu.
– Belə başa düşdüm ki, sizin şirkətin hər hansı bir futbolçunun transfer hüququnu götürmək ixtiyarınız yoxdu.
Yox, var. Misalçün, Rauf Əliyevi “Çernomorets”ə Oleq adlı bir menecer təqdim edir. Və əgər biz onun qarşısına belə məqsəd qoymuşuqsa, biz gedib Raufun indiki rəsmi meneceri Musa Qurbanovla danışacağıq. Deyəcəyik ki, bunun Ukraynada təmsilçiliyini Oleqə verək. Biz onsuz da futbolçularla müqavilə bağlaya bilməyəcəyik. Çünki əksəriyyətinin Musa Qurbanovun şirkəti ilə müqaviləsi var.
– Bəs tutaq ki, boşda olan futbolçuyla? Yəni müqaviləsi olmayan.
Həmin futbolçunu birbaşa xaricdəki menecerə yönləndiririk.
– Yəni sizin özünüzün hansısa futbolçunu almaq səlahiyyətiniz yoxdu, doğrudumu?
Biz sadəcə vasitəçilik edirik. Lisenziyalı şirkət kimi fəaliyyət göstərmirik. Çünki lisenziyalı şirkət kimi fəaliyyət göstərmək özü məntiqsizdi. Bizim futbolçular 10 menecerə vəkalət veriblər. Onda da aləm dəyir bir-birinə.
– Bir ara getmişdiz Ukraynaya və bildiyimə görə, bir neçə futbolçu gətirmışdiniz. Onlardan sadəcə biri burda qala bildi və hələ də onu meydançada görməmişəm. Bəlkə də rast gəlməmişəm. Ümumiyyətcə 4-5 ay müddətində sadəcə 1 futbolçunun transferinə nail olmaq uğurdumu?
Bir ay ərzində 10 keyfiyyətsiz futboçunun keçidinə nail olmaqdan daha yaxşıdı bir keyfiyyətli futbolçunu transfer etmək. Biz Ukrayna səfəri nəticəsində 3 futbolçunu Azərbaycana gətirməyi planlaşdırmışdıq: Ruslan Zubkov, Aleksandr Stepanişin və Dmitriy Paspelov. Onların rəsmi oyunlarına baxmışdıq. Paspelovun müqaviləsi olduğuna görə təxirə saldıq. Stepanişin Azərbaycanda baxışda oldu, bilmirəm, deyəsən məşqçiləri qane eləmədi. Ruslan Zubkovu isə təkcə AZAL-a düşünməmışdik. 21 yaşı var. Universal müdafiəçidi. Müdafiənin sağında, solunda, ön libero kimi oynayır. Bu futbolçunu milliləşdirmək perspektivini nəzərə alaraq gətirmişdik. Azərbaycan yığmasında oynayan bütün legionerlərdən daha səviyyəlidi.
– Amma heç AZAL-da oynamır.
Onu Vaqif Sadıqovdan soruşmaq lazımdı. Yəqin ki, bu gün ona ehtiyac duymur. Amma Sadıqovun onun haqqındakı fikrini bilirəm. Yəqin ki, yaxın müddətdə şans verəcək. Ona çox güvənir.
– Bax, mən bir neçə gün bundan əvvəl Ramin Musayevə onunla müsahibəmdə sübut etməyə çalışdım ki, sənin keçirtdiyin çempionat Avropanın 50-dən artıq çempionatı arasında çox aşağı yerdədi. O da öz növbəsində israrla fikrimi dəyişməyə çalışmışdı. Getdin Ukraynanın birinci divizionundan futbolçu gətirdin. Bu, həm də onu göstərir ki, Azərbaycan çempionatı bu gün Ukraynanın aşağı dəstə futbolçularının oynaya biləcəyi çempionatdı. Razısanmı bu fikirlə?
Bu həqiqətdir. Bunu danmaq olmaz. Çünki Ukraynanın birinci liqasında kimlərin çıxış etdiyinə fikir versəz, görəcəksiz ki, Azərbaycandan qat-qat səviyyəlidilər. Bir vaxt Azərbaycan çempionatında ön sıralarda yer almış “Simurq”un heyətində oynayanlar həmin birinci liqanın futbolçuları idilər. Yəni çox keyfiyyətli futbolçular vardı. Gedib izləmək lazımdır. Ora ciddi bazardı. Bizimkilər hazır video ilə futbolçu alırlar. Məsələn, İspaniyadan futbolçu transfer etməyin nə mənası var? İspaniyanın yaxşı futbolçusu, hər halda ordakı “N” qədər eşalondan birində oynayar və ya Almaniyada, Fransada, İtaliyada. Amma sən Ukraynada həm yaxınlıq baxımından, həm futbol mentaliteti baxımından istədiyin seçimi edə bilərsən.
– Ukraynanın transfer bazarının qiymətləri ilə Azərbaycan bazarının qiymətləri arasında da fərq var? Mən belə düşünürəm ki, Azərbaycan bazarında dövriyyə edən pullar daha çoxdu, nəinki Ukrayna bazarında.
Yox, qətiyyən düz deyil. Keçən il Ukrayna Premyer Liqasını tərk edən “Obolon”un 4 futbolçusunu gözaltı eləmişdik. Heç biri Azərbaycana gəlmək istəmədi. Həm də maliyyə baxımından bizim klubların onları almağa gücü çatmadı.
– Məbləğ nə qədər idi ki?
Bizim klublar hesab elədilər ki, Braziliyadan, Argentinadan hansısa sıradan bir futbolçunu üstündə “Braziliya markası” var deyə almaq daha məqsədəuyğundu. Onların transferi 300-400 minə başa gəlir. Amma bizimkilər nədənsə fikirləşirlər ki, bir ukraynalıya bu qədər pul vermək olmaz. “Obolon”da maaşlar minimum 20-30 min dollardı. Və onların ən az qazanan futbolçuları “Qarabağ”ın, “Neftçi”nin, “Bakı”nın futbolçuları qədər maaş alırlar. Müqayisə üçün “Şaxtyor”u, “Dinamo”nu, “Metallurq”u hələ bura qatmıram.
– Bir neçə il bundan əvvəl Azərbaycanda futbolçulara xərclənən pullar daha yüksək idi. Hər halda, bazardakı hazırkı qiymətlərdən xəbərin olar, Azərbaycan Premyer Liqasında orta və yüksək transfer qiyməti hansı aralıqda dəyişir?
Əgər söhbət real rəqəmlərdən gedirsə, orta transfer məbləği 100-150 min dollar arasında dəyişir. Legionerlər üçün. Yüksək transfer rəqəmləri təxminən futbolçunun özünə verilən – mən bunu xüsusi altından xətt çəkərək qeyd edirəm – 450-500 mini keçmir. Amma müqavilələrdə hansi rəqəmlər yazılır, ordan kimlər nə pullar xərcləyirlər, necə edirlər – bunlar başqa mövzulardı. Bura keyfiyyətli futbolçuların gətirilməsinin qarşısını alan ciddi səbəblərdən biri də odu ki, o dediyimiz rəqəmlər müqavilədə öz əksini tapmır.
– Bu yaxınlarda bir türk menecerlə konflikt yaşadın. Ona aydınlıq gətirməyini istəyirəm. Hər halda, çox ciddi ittihamlar səsləndirmişdi.
Düzdü, onun fikirləri bizim qəzetlərdən birində işıqlandırımışdı. Fikirləşirəm ki, redaksiya daxilində jurnalistika predmetinə məsuliyyətsiz yanaşma olmuşdu. Sonradan mənim də münasibətimi dərc etdilər. Konflikt ona görə yarandı ki, Abdurrahim Bayındır AZAL-ın düşərgəsinə mənim vasitəmlə iki futbolçu göndərmişdi. Bunlardan biri isveçli Aysel Kuyoviç idi, digəri isə makedoniyalı Emir Adem. Bu futbolçuların videolarını Sadıqova göndərəndə, mənə dedi ki, dəqiqləşdir gör, hazırda o futbolçular hansı vəziyyətdədilər. Mən də qarşı tərəflə danışdım. Bayandıra dedim ki, bunların son vəziyyəti ciddi məsələdi, əgər hal-hazırda hazır deyillərsə, heç gəlməsinlər. Dedi ki, yox, hazırdılar, problem yoxdu. Vaxt təyin olundu, onu qəbul etdilər AZAL-ın Isparta toplanışına. Ancaq futbolçular Sadıqovu qane etmədilər, geri göndərildilər. Bundan sonra aramızda narazılıq yarandı. Bayındır əsassız olaraq məni ittiham etməyə başladı ki, guya ona söz vermişəm ki, futbolçuların bilet pulun komanda ödəyəcək. Amma əslində, belə bir şey yoxdu, heç söz vermək şansım da yoxdu. Baxışa gələn futbolçunun pulunu klub o vaxt ödəyir ki, o futbolçu klubla müqavilə bağlayır ya da klubun öz təşəbbüsü ilə düşərgəyə gəlir. Mən bunu qarşı tərəfə başa sala bilmədim. İsrarla deyirdi ki, mənə 500 avro borcun var, göndərməlisən. Mən də dedim, verməyəcəm, niyə də verməliyəm, sən haqsızsan. Sonra mənim feysbukda nə qədər dost-tanışım var, başladı onlara yazmağa ki, mən Rəsulla bütün əməkdaşlığı dayandırmışam, onun mənim adımdan istifadə etdiyini görsəz mənə xəbər edin. Heç onun adı lazım da deyil, çünki onun adını Azərbaycanda ad edən mən olmuşam. Gətirdik onun mətbuat konfransını keçirtdik, filan qədər ona pul xərclədik, tanıtdıq. Bunun da nədənsə hamıya yazdığı məktub “Futbol+” qəzetini maraqlandırmışdı. “Futbol+” ondan müsahibə götürməyi məqsəduyğun görmüşdü. Hətta müxbir müsahibənin sonunda yazıbmış ki, qarşı tərəf istəyərsə, onun fikirini yayımlamağa hazırıq. Onu da redaktor yazıdan silib çıxartmışdı mənə görə. Mən də ondan sonra məsələni aydınlaşdırdım. Gördülər ki, mənim burda heç bir günahım yoxdu.
– Sadıqov futbolçulardan narazı qalmışdı, yoxsa futbolçulara görə irəli sürülən təklifdən?
Yox, konkret futbolçuların hazırlıq səviyyəsindən narazı qalmışdı. Rəqəmlər əvvəlcədən danışılmışdı, heç bir problem də yox idi. Ümumiyyətlə, mən xarici menecerlərlə işlədiyim dövrdə onlara birinci təklif edirdim ki, əgər bizə futbolçu vermək istəyirsinizsə bizim futbolçuları da təblığ edin, təmsil edin. Yox, əgər sadəcə bizə futbolçu satmağı düşünürsüzsə, heç əməkdaşlıq etməyək.
– Bəs Bayındır hansısa futbolçumuzu təbliğ eləmişdi?
Heç bir futbolçumuzu təbliğ eləməmişdi. Cavid İmamverdiyev məsəsləsində guya ki, işləyən adam kimi göstərmək istədi. Amma əslində o məsələ ilə Olcay Onur Öztürk məşğul olurdu. Sadəcə Bayındır tələb edirdi ki, futbolçu təcili mənimlə müqavilə bağlasın ya da hüquqları mənə verilsin. Yəni İsveçdə otura-otura pul qazanmaq istəyirdi.
– Söhbətin əvvəlində bir cümlə işlətmişdin və demişdim ki, ona qayıdacağıq. Dedin ki, mən bu şirkətdə olacammı-olmayacammı qışda – bəlli deyil. Bu nəyin siqnalıdır? Şirkət fəaliyyətin davam etdirməyəcək, yoxsa sən özün menecerlik işini başa vurursan?
Açığını deyim ki, şirkətin təsisçisi Rəşad Süleymanovun bizim işə, işin perspektivinə verdiyi qiymətin nədən ibarət olduğunu bilmirəm. O bu işin davamını necə görür, hansı şərtlərlə görür – onu da bilmirəm. Amma onu bilirəm ki, “Transfer Market”in uğurlu layihə olması üçün zəmin yaratmışıq, bura mənim üçün iş yeridi. Bəlkə məndən sonra başqa menecer işlədi. “Tranfer Market” keçən dövrdə önəmli layihələr həyata keçirdi. Ölkə daxilinə futbolçu vermək işinə girdiyimizə görə çox peşmanam. Çünki mən ölkə daxilində monopoliyanın olduğunu tam olaraq gördüm. Ölkə daxilində futbolçuları klublara vermək üçün işin, məsələn, sizin keçən dəfəki müsahibiniz, Ramin Musayevdən keçir, onun kimi “yüksək çinli” adamlardan keçir. Sən futbolçunu kluba yalnız onların əli ilə verə bilərsən. Yoxsa sadəcə hansısa baş məşqçi ilə yaxşı münasibətin varsa və o, sənə inanırsa, sıradan futbolçu sata bilərsən. Amma bu gün fakt hər şey göz qabağındadır ki, hətta yerli futbolçuların keçidi belə, – mən çox təəsüf hissi ilə deyirəm – PFL-in prezidentinin əliylə baş tutur. Konkert deyə bilərəm, Ruslan Abışovun “Xəzər-Lənkəran”a, Mahir Şükürovun “Qəbələ”yə , “Neftçi”yə, Subaşiçin “Xəzər-Lənkəran”a, Aleksandr Çertoqanovla Rəşad Abdullayevin “Qəbələ”yə keçidi Musayevin vasitəsilə olub. Məsələn, “Rəvan” klubu Ramin Musayevin inhisarındadı. Bu kluba futbolçu verməyi heç ağlınızın ucundan da keçirtməyin. Ola bilər, sizdən hansısa futbolçunu baxış üçün dəvət edərlər ki, peşəkarlarmış kimi görüntü yaratsınlar. Amma işin mahiyyətində hamımız bilirik ki, xüsusilə iki klub Ramin Musayevin inhisarındadı: “Kəpəz” və “Rəvan”. O klublarla işləmək mümkün deyil. İşləmək istəyəndə də ciddi vaxt itkisinə, maddi itkiyə məruz qalacaqsan. Ya da gedəcəksən Ramin Musayevin otağına, onunla əl sıxacaqsan, hansısa şərtlərlə razılaşacaqsan və işini davam etdirəcəksən. Bu isə nə menecerlik, nə də adi biznes prinsiplərinə uyğun gəlir.
– Hər halda insan elə bir məxluqdu ki düşdüyü yerə tez uyğunlaşır. Yerli şərait budusa, ona uyğun işləmək olar, mənə elə gəlir. Üstəlik, biznesdə müəyyən addımlar var ki, zərurətdən də olsa, onları atmalısan.
Zərurətdən də olsa, Azərbaycanda o addımları atmalısan. Amma özümü Azərbaycan şərtlərində bu işlə məşğul olmağa məcbur saymıram. Çünki futbolçu təmsilçiliyi elə bir işdi ki, dünya səviyyəsində bu işlə məşğul ola bilərsən. Şərt deyil ki, Azərbaycan olsun, Ukraynadan Türkiyəyə, Hollandiyadan Türkiyəyə futbolçu verə bilərsən. Bunlarla məşğul olmaqda sənin qarşında heç bir əngəl yoxdu.
– Amma Hollanadiya, Türkiyə bazarından daha çox, Azərbaycan bazarının “kaprizlərini” yaxşı bilərsən, hər halda. Bu baxımdan fikirləşirəm ki, burda işləmək daha sərfəli olar menecer kimi. Misalçün, heç düşündünmü ki, gedib Ramin Musayevlə əl sıxasan, müəyyən şərtlər qarşılığında razılığa gələsən.
Yox, heç vaxt elə bir düşüncəm olmayıb. Nə jurnalist karyeramda olub, nə klub idarəçiliyimdə. Bircə dəfə gedib sadəcə bir klubun yarışa qoşulmaq istədiyini ona çatdırmışıq. Sonra ondan heç bir fərdi təmənnam olmayıb, bundan sonra da olmayacaq. Mən bunu eləsəm, ədalətsiz zəmində işləmiş oluram. Hansısa üstünlüklər qazanamq xatirinə nüfuzumu itirə bilmərəm. Mənim ən azından jurnalist keçmişim var.
– Hər halda başqaları bunu eləyirsə, sən eləmirsənsə, deməli sən ədalətsiz durumda qalırsan. “Status kvo”nunu təmin etmək üçün gərək sən də bu yola əl atasan.
Ədalətsiz olmaqdansa, ədalətsizliklə üz-üzə qalmaq daha yaxşıdı. Ədalətsizlik mənə görə deyil. O ədalətsiz zəmini yaradanlar da bir yerə qədər pul qazanırlar. Onların gətirdiyi futbolçular yarım mövsüm oynayırlar sonra isə çıxıb gedirlər.
– Yarım mövsümdən sonra da yeniləri gətirirlər.
Bəli, onun üçün də sərfəlidi, elə klub üçün də. Çünki klubda nə qədər oyunçu dəyişikliyi olsa, onların qeyri-leqal maraqları da bir o qədər təmin olunar. Əslində, klub belə fikirləşməməlidi, stabil futbolçu axtramalıdı. İkiillik müqavilələr bağlamalıdı. Bir misal çəkim, mən “Xəzər-Lənkəran”ın trasfer etdiyi Betonu bir adını çəkmək istəmədiyim başqa klubumuza 150 min dollara danışmışdım. Amma məndə olan məlumata görə, “Xəzər-Lənkəran” onu 250 min dollara alıb. İndi siz fikirləşin, bu necə ola bilər.
– 250 minə alıb, yoxsa bu məbləğə rəsmiləşdirib?
250 min dollara onun özünə verilib. Sərbəst agent idi. İndi çox maraqlıdı, mənim 150 minə danışdığım futbolçunu niyə məndən yox, başqa yerdən 250 minə alırlar?! O “niyə” çox maraqlıdı. Buyurun, araşdırın.
– Kim satıb? Ramin Musayevmi?
Yox, onunla heç bir əlaqəsi yoxdu. Ramin Musayevlə bağlı konkret məsələləri sadaladım.
– Ramin Musayevdən başqa, kim var monopolistlik edən?
Deyilənə görə, Ramin Musayevdən başqa monopolistlər də var, amma konkret olaraq onların kimliyinə, bu işlə məşğul olduqlarına dair özümü inandıran faktlar yoxdu.
Saleh Arslan
